MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmağa çağırır.

 

Buta.ws Trend-ə istinadən bildirir ki,  bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

 

O qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.

 

A.Eyvazov vurğulayıb ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır:

 

Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.