SORGU Koronavirusun gələcəyi məlum oldu, amma biz onu görməyə bilərik

Koronavirusun gələcəyi məlum oldu, amma biz onu görməyə bilərik

1 Mart 09:33 - 2020 Dünya

Rusiyalı virusoloqlar ölümcül pnevmoniyaya səbəb olan "SARS-CoV-2" koronavirusunun gələcəyi haqqında danışıblar. 

 

Buta.ws Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, alimlərin fikrincə, virusu tamamilə məğlub etmək mümkün olmayacaq, qrip kimi o da mövsümi olaraq ortaya çıxacaq.

 

Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, biologiya elmlər doktoru Sergey Netesov hesab edir ki, ştamm bu xəstəliyi asimptomatik və uzun müddət keçirən insanların orqanizmində möhkəmlənərək ətrafa yayıla bilər. "(Koronavirusun səbəb olduğu - red.) "COVID-19" xəstəliyi hər il əhalinin ən həssas hissəsini - yaşlı insanları, xroniki xəstələri və immuniteti zəif olanları epidemiya dalğaları ilə vuracaq", - o, əlavə edib.

 

Netesovun proqnozu ilə Seçenov Universitetinin E.İ.Martsinovski adına Tibbi Parazitologiya, Tropik və Keçici Xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev da razılaşıb. Onun sözlərinə görə, kəskin respirator virus i̇nfeksiyalari (KRVİ) kimi tanınan və təhlükəli olmayan respirator koronaviruslar məhz bu yolla yaranıb. Eyni zamanda, mütəxəssis bildirib ki, vəziyyətin inkişafını proqnozlaşdırmaq çətindir, çünki baş verənlərin presedenti yoxdur.

 

Moskva Fizika və Texnologiya İnstitutunun bioloji və tibbi fizika fakültəsinin dekanı Aleksandr Melerzanov isə öz növbəsində bildirib ki, gələcəkdə "COVID-19" xəstəliyi dalğalarla yayılacaq.

 

"Bir qayda olaraq, koronavirus hallarının artması payız-qış dövründə baş verir. Bu ştamm haqqında danışırıqsa, burada söhbət patogen üzərində tam qələbədən deyil, ona qrip virusunun müxtəlif ştammlarında olduğu kimi nəzarətdən gedir", - alim qeyd edib.

 

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

 

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

 

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" - korona, "VI" - virus, "D" - xəstəlik (ingiliscə - disease), "19" - yaranma ili) adlanır.