vaxtdna kenarSORGU İqtisadiyyatımız neqativ çağırışlara hazırdır

İqtisadiyyatımız neqativ çağırışlara hazırdır

12 messages.03 11:47 - 2020 İqtisadiyyat

Dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsinin başlanğıcı Çindən götürmüş koranovirusla qoyuldu.

 

Buta.ws bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.

 

Onun sözlərinə görə, virusun qısa zaman kəsiyində digər ölkələrə sıçramasından bir qədər sonra beynəlxalq maliyyə bazarlarında, bunun ardınca isə neft bazarında təlatümlər yaşanmağa başlandı:

 

"Bir sözlə, konkret müalicə peyvəndi hələlik tapılmayan və coğrafiyası sürətlə genişlənən bu virus dünya iqtisadiyyatına ciddi təhdidlər yaradaraq, beynəlxalq bazarlarda neftə olan tələbatın kəskin azalmasına gətirib çıxartdı. Yaranmış problemin həlli yolları axtarılıb tapılana qədər, neft bazarındakı durumun təzimlənməsinin yeganə düzgün yolu OPEC və onunla əməkdaşlıq edən ölkələrin bir araya gələrək hasilatın həcmini azaltmaqla bağlı qərarı ola bilərdi.

 

Bu məqsədlə OPEC bu ilin mart ayının 6-da toplandı, lakin bu toplantıda neft bazarının gözlədiyi qərar qəbul edilmədi. Bunun əvəzində isə bu ilin aprel ayının 1-dən etibarən 2016-cı ildən hasilatın azaldılmasına dair qərarın qüvvədən düşəcəyi məlum oldu. Bu az imiş ki, dünyanın iki ən böyük neft hasil edən ölkəsi - Rusiya və Səudiyyə Ərəbistanı arasında hasilatın həcmi ilə bağlı bir fikir ayrılığı yarandı. Səudiyyə Ərəbistanı hasilatı tezliklə artıraraq onun gündəlik həcmini 13 milyon barelə çatdıracağı barədə bəyanat verdi. Bunun ardınca Rusiya cari ilin aprel ayından etibarən gündəlik hasilatın həcmini daha 300 min barel artıracağını və sonradan onu 500 min barelə çatdırmaq niyyətini ortaya qoydu. Məhz bu bəyanatlar fonunda mart ayının 9-da neftin qiyməti bir barel üçün 31 dollara qədər ucuzlaşdı. Bu, cari ilin əvvəli ilə müqaisədə neft qiymətlərinin 60%-dən çox azalması demək idi".

 

F.Yusifovun sözlərinə görə, dünya neft bazarlarında yaranmış duruma Azərbaycan hökuməti dərhal münasibət bildirdi:

 

"Baş Nazirin yanında hökumətin iqtisadi blokunun rəhbərləri və Mərkəzi Bankın rəhbərinin iştirakı ilə operativ toplantı keçirildi. Aparılan müzakirələr nəticəsində dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına mümkün neqativ təsirlərinin neytrallaşdılması üçün preventiv tədbirlər planı müəyyənləşdirildi. Qeyd edildi ki, neftin qiymətinin kəskin ucuzlaşmasının yaxın və orta perspektivdə ölkənin tədiyə balansına mükün təsirlərinə dair bir neçə ssenarilərilər işlənib hazırlanıb.

 

Bu gün Azərbaycan iqtisadiyyatı 2015-2016 illərin iqtisadi böhranını arxada qoyaraq, yeni inkişaf templəri əldə etməkdədir. Cari ilin birinci iki ayının iqtisadi göstəriciləri bu reallığı əyani şəkildə özündə əks etdirir. Dünyanı silkələyən virusun beynəlxalq iqtisadi müstəvidə təlatümlər yaratdığı bir dönəmdə Azərbaycan iqtisadiyyatı yanvar-fevral ayları ərzində 3 faizə qədər, onun qeyri-neft sektoru isə 7 faizə qədər artıb. Qeyri-neft sektorunun iki dəfədən daha üstün artması Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın fəlsəfəsinə tam uyğundur. Hökumətin yürütdüyü iqtisadi siyasətin başlıca hədəfi, onun şaxələndirilməsi və neftdən asılılığın tam optimallaşdırılmasından ibarətdir.

 

Dünya iqtisadiyyatında öncə başlanmış böhranın on ildən sonra hər hansı bir virusla yenilənəcəyi nə qədər gözlənilməz olsa da, Azərbaycan hökuməti ondan düzgün nəticələr çıxarmağı bacardı. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanı yenidən ağuşuna alan iqtisadi böhranın ölkəmizin iqtisadiyyatına təsirlərinin minimuma endirilməsini təmin edə biləcək ən yaxşı hazırlığı olan ölkələrdən biridir. Ölkənin valyuta ehtiyatları 52 milyard dollar olmaqla, onun Ümumi Daxili Məhsulundan 8 faiz çox, bir çox ölkələri, o cümlədən, region ölkələrini diz üstə qoyan xarici borcdan asılılığımız isə yox səviyyəsindədir. Azərbaycanın xarici borcu ÜDM-un 17 faizdən çox deyil və bu göstəriciyə görə ölkəmiz dünya birinciləri sırasında yer alıb".

 

"Azərbaycan bu gün dünya iqtisadi böhranının yarada biləcəyi bütün çətinlikləri ram etməyi bacaracaq iqtisadi və maliyyə dayanıqlığına sahibdir", - deyə o əlavə edib:

 

"Ona görə də beynəlxalq iqtisadi müstəvidə baş verənlərdən öz çirkin məqsədləri üçün istifadə etmək istəyənlər yanılırlar. Bu gün Azərbaycanın maliyyə bazarlarında sabitlik hökm sürür. Milli valyutanın məzənnəsi ətrafında bəzi qüvvələrin yaratdığı müəyyən gərginliyin isə heç bir əsası yoxdur. Banklarda və valyuta dəyişmə məntəqələrində kifayət qədər valyuta ehtiyatları var və kiminsə valyuta alışına heç bir məhdudiyyət qoyulmur.

 

Neftin qiymətlərinin istənilən ssenarisində Dövlət büdcəsi sosial tədbirlərin və sosial layihələrin proqnozlaşdırılan səviyyədə maliyyələşdirilməsini həyata keçirə biləcəkdir. Xərclərdə qənaətə ehtiyac yarandığı halda isə öncədən nəzərdə tutulan mexanzmlər vasitəsilə ikinci, üçüncü dərəcəli xərclər ixtisar edilməsi mümkündür ki, bu da tam normaldır.

 

Bütün bunlarla yanaşı dövlət istehlak bazarındakı vəziyyəti tam nəzarət altında saxlayır və burada kimlərinsə yaranmış durumdan istifadə edərək, süni qiymət artımları yolu ilə spikulyasiya etməsinə imkan verilməyəcək.

 

Sonda bir sözlə - Azərbaycan iqtisadiyyatı və onun maliyyə sistemi beynəlxalq müstəvidə baş verən bütün neqativ çağrışlara cavab verə biləcək gücdədir".