Zelenski İrəvana gəlir: Rusiyaya II cəbhə açılır?

21:30 - 24 Fevral 2024 - GÜNDƏM

 Zelenski İrəvana gəlir: Rusiyaya II cəbhə açılır?

Erməni mənbələrinin Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri edəcəyi barədə xəbəri düşündürücüdür. Rusiya ilə ağır döyüşlərin davam etdiyi günlərdə Zelenski niyə Ermənistana səfər etsin?

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Zelenskinin Avropa ölkələrinə və ABŞ-a səfərləri anlaşılandır, çünki bu ölkələrdən silah, hərbi texnika və maliyyə almağa ümid edir:

“Ermənistanda bunların heç biri yoxdur, üstəgəl Münhen Təhlükəsizlik Konfransında Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev görüşdü və bu görüşdən iki gün sonra Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi. Zelenski bu yardımlara görə hər zaman İlham Əliyevə minnətdar olub. Ermənistan Ukraynaya hansı həcmdə yardım göndərib?

Bu xəbər hal-hazırda çox oxunur
Cavanşir Məmmədov vəfat etdi

Bundan başqa, Zelenski Cənubi Qafqazda artan gərginlikdən məlumatlıdır, Azərbaycanla Ermənistan sülh sazişi imzalamağa yaxın deyillər. Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq. Doğrudur, Vladimir Zelenskinin prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etdiyini də unutmamaq lazımdır”.

Ekspertin fikrincə, Vladimir Zelenskinin Ermənistana mümkün səfərini yalnız bir amillə izah etmək olar:

“Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml, birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətləri daha da gərginləşəcək. Zelenski bu amilləri rəhbər tutaraq Ermənistana səfər planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu, Ermənistana yaxşı heç nə vəd etmir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol