Rusiya Ermənistan və Azərbaycanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə, Rusiyanın yardımı ilə ən çətin məsələlərin, o cümlədən sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika blokadalarının açılması da daxil olmaqla səmərəliyini sübuta yetirmiş formatlar çərçivəsində təmasları bərpa etməyə çağırırıq”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində müstəsna olaraq siyasi və diplomatik üsullarla həll edilməlidir:

“Biz də öz tərəfimizdən bununla bağlı hər cür yardım göstərməyə hazırıq. Bir tərəfə güzəştə gedərək, digər tərəfə təhdidlər etməklə məşğul olan Avropa Birliyi və ABŞ-dan fərqli olaraq, biz həmişə Qafqazda davamlı sülh və rifahın bərqərar olması maraqları naminə mövcud fikir ayrılıqlarının hərtərəfli, kompromis həllinin tərəfdarı olmuşuq. Bizim təklifimiz danışıqlar masasında qalır”.