Ukrayna Prezidenti Volodımır Zelenski xəbərdarlıq edib ki, Rusiya Şimali Koreyadan əlavə qüvvələr cəlb edərək, ölkəyə göndəriləcək əsgərlərin sayını 50 minə çatdıra bilər.

BUTA.TV xəbər verir ki, bu barədə BBC yazıb.

Məlumata görə, 2024-cü ilin sonunda Kursk vilayətində Rusiya qoşunlarına kömək üçün göndərilmiş 13 min Şimali Koreya əsgərindən 3 minədək həlak olub, lakin Pxenyan buna baxmayaraq yeni qüvvələr göndərməyə hazırlaşır.

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (HUR) məlumatına görə, hazırda 8 500 Şimali Koreya hərbçisi Rusiya ərazisində qalıb və dörd briqadaya bölünərək Kursk vilayətinin sərhədini qorumaqla məşğuldur.

Seuldakı ekspertlər bildirir ki, bu əməkdaşlıq Pxenyana təxminən 10 milyard dollar iqtisadi gəlir gətirib və Rusiya ilə hərbi-siyasi əlaqələri daha da dərinləşdirib.

"Rusiya Şimali Koreyaya müasir müharibəni öyrənməyə, silahlarını təkmilləşdirməyə və real döyüş təcrübəsi qazanmağa kömək edir. Bu, Şimali Koreya raketlərinin təsir dairəsində olan bütün Asiya ölkələri üçün təhlükə yaradır" — deyə Zelenski iyul ayında bəyan edib.