Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ
"Aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir. Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq".
Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Maraqlıdır ki, 30 ilə yaxındır ki, kənd təsərrüfatı məhsulları istehsal edənlər ancaq torpaq və daşınmaz əmlak vergisi ödəyiblər, digər vergilərdən azad olublar. Sezar pizza
Bəs fermerlərin vergiyə cəlb edilməsi hansı zərurətdən yaranıb və bu kənd təsərrüfatı mallarının qiymətinə təsir edəcəkmi?
"BUTA TV" xəbər verir ki, bu barədə kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Sfera.az-a açıqlama verib. O, fermerlərin hansı çətinliklərlə üzləşdiyini sadalayıb:
“Son beş ildə, demək olar ki, iki ildən bir dizel yanacağının və benzinin qiyməti bahalaşıb. Bu isə fermerlərin ümumi xərclərinin artması deməkdir. Digər tərəfdən, gübrələrin, pestisidlərin, toxumların və kənd təsərrüfatına göstərilən xidmətlərin qiymətləri də davamlı olaraq artır. Fermerlər məhsullarını satarkən də ciddi problemlərlə qarşılaşırlar. Bəzən məhsullar elə sahədəcə xarab olur. Yəqin ki, siz də pomidor, kartof, tərəvəz və meyvələrin satılmadığı üçün çaylara tökülməsi hallarını izləmisiniz. Yəni kəndlilərin ciddi problemləri var. Uzun müddət ərzində onların yalnız torpaq vergisi ödəməsi nəzərdə tutulsa da, hökumət tərəfindən problemlərin həllinə yönəlmiş konkret addımlar atılmayıb. Bilmək lazımdır ki, ayrılan subsidiya hələ fermerin biznesinin səmərəli olacağı, gəlirlərinin artacağı demək deyil. Ümumi problemlər mövcuddur və onlar hələ də öz həllini tapmayıb. Suvarma suyu, keyfiyyətli toxum təminatı ilə bağlı çətinliklər var. Qiymətləri yüksək olsa da, gübrələrin və istifadə olunan pestisidlərin keyfiyyətində də problemlər mövcuddur. Bütün bunlarla yanaşı, kəndlilərin və fermerlərin aqrar sahə üzrə bilik səviyyəsi də kifayət qədər aşağıdır”.
Ekspert belə bir şəraitdə fermerlərin üzərinə əlavə olaraq 10 faiz gəlir vergisi qoyulmasını çox ağır yük adlandırıb:
“Nəticədə bəziləri ümumiyyətlə istehsaldan uzaqlaşa bilər. Onsuz da kəndlilərin özləri də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq əvəzinə şəhərlərə üz tutduqlarını deyirlər. Bunun əsas səbəbi mövcud vəziyyətin onlar üçün olduqca ağır olmasıdır. Bu vergi yükü istehsal xərclərinin artmasına, nəticədə isə məhsulların qiymətinin bahalaşmasına səbəb olacaq. Onsuz da hər il ölkədə ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri artır. Yeni vergi də qiymət artımına əlavə təkan verəcək. İstehsalçı bu xərci necə qarşılamalıdır? Avadanlığını satıb vergi ödəməlidir? Əlbəttə ki, yox. O, məcburən məhsulun qiymətini artıracaq ki, əldə etdiyi gəlirlə vergi öhdəliyini də yerinə yetirə bilsin. Bəs bu zərurət nədən yaranıb? Neft gəlirləri azalır, ölkə iqtisadiyyatı kiçilir. Sənayedə ciddi geriləmə müşahidə olunur, yeni iş yerləri yaradılmır. Sahibkarlıqla məşğul olmaq istəyən insanlar üçün əlverişli biznes mühiti formalaşdırılmayıb. Nəticədə iqtisadiyyat getdikcə geriləyir. Qonşu ölkələrlə müqayisədə bir çox iqtisadi göstəricilər üzrə geridə qalırıq. Eyni zamanda, əhalinin sayı da artır. Bütün bunların fonunda büdcə gəlirlərini artırmaq üçün başqa hansı mənbələrə üz tuturlar? İndi kəndlilərdən də vergi yığılacaq, bundan sonra isə cərimələrin məbləğini artıracaqlar.
Görünür, qərar qəbul edənlər adi insanların maddi vəziyyətini nəzərə almırlar. Ölkədə təxminən 3 milyon insanın banklara borcu var. Bu yaxınlarda “Bank Respublika”nın rəhbəri də bankların kredit vermək üçün müştəri tapmaqda çətinlik çəkdiyini bildirirdi. İnsanların əksəriyyəti artıq borc yükü altındadır. Kredit borclarını qaytara bilməyənlərin sayı 600 minə çatıb və bu rəqəm getdikcə artır. İnsanların vəziyyətini kənardan görmürlərmi? Hamının üzərinə əlavə yük qoyulur. Bunun yeganə çıxış yolu təxirəsalınmadan dərin islahatlara başlamaq, ölkə iqtisadiyyatının inkişafına yönəlmiş qərarlar qəbul etmək və sahibkarlığın inkişafı üçün real imkanlar yaratmaqdır. Bir daha qeyd edirəm ki, nəticədə qiymətlər mütləq artacaq. Çünki istehsalçı əlavə vergi yükünü öz üzərinə götürmək imkanında deyil. O bu xərci məhsulun qiymətinə əlavə etməyə məcbur qalacaq. Üstəlik, söhbət mənfəətdən deyil, gəlirdən tutulan 10 faizlik vergidən gedir. Bunlar tamamilə fərqli anlayışlardır. Bir şey var ki, insan qazancından vergi ödəyir, başqa bir şey də var ki, ümumi gəlirindən vergi ödəməli olur. Ona görə də hesab edirəm ki, bu, kəndlilər və fermerlər üçün olduqca ağır bir yük olacaq”.
Ərli qadınla yaşayan evli kişi polis çağırdı, özü həbs olundu