“Şadlıq evində 28 kamera olsa da, cinayətin görüntüləri çıxarılmadı” - Toyda öldürülən İlkinin ailəsi
Foto
Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1970-ci il təvəllüdlü Qadir Məmmədova hökm oxunub.
Araşdırmalarla müəyyən edilib ki, İlkin həmin gün Qobustandan Ağdaşa dostları ilə birgə toya gedib. Toyun sonlarına yaxın onlarla gəlinin bir neçə qohumu arasında mahnıya görə mübahisə yaranıb. Mübahisə zəminində tərəflər şadlıq evinin foyesinə çıxıblar və burada İlkin bıçaqlanaraq öldürülüb.
Mərhumun ailəsi iddia edib ki, hadisədə 20-30 nəfər iştirak edib və İlkinə kütləvi hücum edərək döyüb bıçaqlayıblar: “Şadlıq evində 28 kamera var, amma cinayətin görüntüləri çıxarılmadı. Həmçinin sonradan baxanda göründü ki, ətrafdakı kameralar da sökülüb. Oğlumu qətlə yetirənlər arasında Qadirin oğlu Nadir də olub, amma onlar məsuliyyətdən kənarda qalıb”.
Təqsirləndirilən şəxs isə deyib ki, həmin gün xalası nəvəsinin toyu olub. O, İlkinin oğlu ilə mübahisə etdiyini və ona vurduğunu, buna görə də üzərindəki soyuq silah hesab edilən xəncərlə İlkinə zərbələr endirdiyini söyləyib.
Məhkəmədə bildirilib ki, prokurorluq Qadir Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyətilə adam öldürmə maddəsi ilə cəzalandırılmasını tələb edib. Lakin Şəki Ağır Cinayətlər Məhkəməsi Q.Məmmədovun əməlində xuliqanlıq müəyyən etməyib və onu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilib.
Q.Məmmədov 10 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aslan Vəliyev
