Almaniya Müdafiə Nazirliyi daxilində illərdir “Sonderstab Ukraine” adlı gizli bir bölmə fəaliyyət göstərir.

BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Bu bölmənin komandası adətən aylarla davam edən bürokratik prosedurlardan yan keçərək, Ukrayna üçün silahları cəmi bir neçə həftə ərzində təmin edir. Komanda 20 nəfərdən az hərbi qulluqçudan ibarətdir, lakin onların fəaliyyət modeli cəbhə xəttinin ehtiyaclarına operativ reaksiya verməyə imkan yaradır. Kiyev Almaniya tərəfinə tələb olunan silahların siyahısını təqdim edir. Daha sonra xüsusi bölmə müvafiq sistemləri müəyyənləşdirir və onların tədarükünü təşkil edir, xərcləri isə Almaniya hökuməti ödəyir. Eyni zamanda, qurum təkcə Ukraynanın sorğularını yerinə yetirməklə kifayətlənmir, həm də silahların döyüş meydanındakı effektivliyini qiymətləndirir və əldə edilən nəticələrə əsasən, gələcək tədarüklərdə düzəlişlər edə bilir”, - məlumatda qeyd olunub.

Nəşr bildirir ki, quruma Almaniya Silahlı Qüvvələrinin briqada generalı Yoahim Kaşke rəhbərlik edir:

“Bu bölmə Rusiyanın genişmiqyaslı işğalının başlamasından bir neçə ay sonra yaradılıb. Əvvəlcə o, müharibənin gedişatını izləmək və Almaniya rəhbərliyini məlumatlandırmaq vəzifəsini daşıyan mərkəz kimi fəaliyyət göstərirdi. 2022-ci ilin iyulunda isə o, “Sonderstab Ukraine” ("Ukrayna üzrə Xüsusi Qərargah") qurumuna çevrildi”.