Tramp hazırdır, Ukraynaya "Patriot"lar veriləcək - Razılaşma
ABŞ Prezidenti Donald Tramp administrasiyası əvvəllər Almaniyaya təhvil verilmiş 10 ədəd idarəolunan “Patriot” raketinin Ukraynaya ötürülməsinə razılıq verməyə hazırdır. Razılaşmanın dəyəri 29,6 milyon dollar qiymətləndirilir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi sənəddə bildirilib.
Qeyd olunub ki, Berlin Vaşinqtonun razılığı olmadan ABŞ silahlarını üçüncü tərəfə təhvil verə bilməz. ABŞ siyasi, hərbi və iqtisadi amilləri nəzərə alaraq raketlərin Kiyevə ötürülməsinə icazə verməyə hazırdır.
Vacib məqam ondan ibarətdir ki, söhbət hazırda Ukraynaya ciddi şəkildə lazım olan PAC-3 ballistik raketlərindən deyil, daha köhnə və effektivliyi nisbətən aşağı olan MIM-104E GEM-T (PAC-2 modifikasiyası) raketlərindən gedir.
Dövlət Departamentinin açıqlamasına görə, Ukrayna hava hücumundan müdafiə sistemini gücləndirmək üçün bu raketləri əldə etmək istəyir və artıq eyni tipli sursatlara malikdir.
Sənəd avqustun 14-də Konqresə təqdim olunub. Qanunvericilər razılaşmaya qarşı çıxmasalar, müəyyən edilmiş baxış müddəti başa çatdıqdan sonra raketlərin ötürülməsi həyata keçirilə bilər.