Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni

16:16 - 28 İyun 2024 - GÜNDƏM

 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni

Prezidentliyə azərbaycanlı namizəd Məsud Pezeşkianın başqa namizədlərdən fərqli olması göz qabağındadır, ancaq onun da verdiyi vədlərdə qeyri-adi bir şey yoxdur və bu, istənilən normal hökumət tərəfindən həyata keçiriməlidir. Sadəcə İran hakimiyyəti adi hüquqları da məhdudlaşdırdığı üçün Pezeşkianın vədləri cəlbedici görünür.

Bu sözləri BUTA.TV-a açıqlamasında Tehranda yaşayan mədəniyyət xadimi Raşid Həsəni deyib.

O, azərbaycanlıların, türklərin Məsud Pezeşkiana rəğbət göstərmələrini daha çox onun qeyri-fars xalqaların hüquqları ilə bağlı ədalətli mövqeyinə görə olduğunu bildirib:

“Məsud Pezeşkianın İran konstitusiyasının 15-ci maddəsinin tətbiqinin vacibliyi, qeyri-fars xalqların hüquqlarının bərpası, ana dillərində təhsil hüquqlarının təmini ilə bağlı dedikləri türklərlə yanaşı başqa xalqların da ona maraq göstərməsinə səbəb olub. Bu, onun qeyri-fars bölgələrinə səfəri zamanı izdihamlı qarşılama mərasimlərindən də görünür. Bununla yanaşı, türk namizədin bölgələrin sərvətlərinin mərkəzə daşınmaması, sərvətlərin çox qisminin aid olduğu əyalətlərin inkişafına xərclənməsi ilə bağlı çıxışları da cəlbedicidir”.

Onun fikrincə, türk namizədin dediklərini və verdiyi vədləri yerinə yetirmək üçün çalışacağı gözləniləndir:

“Birinci ona görə ki, onun dediklərinin hamısı İran konstitusiyasında əks olunub və o, əlavə, yerinə yetirilməsi imkansız olan qeyri-adi vədlər vermir. Pezeşkian sadəcə qanunun və bu günə kimi qəbul olunmuş ,amma yerinə yetirilməyən qərarların həyata keçirilməsinə çalışmalıdır.Bu qədərinə isə onun səlahiyyət və gücü çatar. İkinci, o, bu sözləri prezident seçilmək üçün demir, bundan əvvəl də dəfələrlə bu barədə çıxışlar edib, hökumətin qeyd olunan məsələlərlə bağlı siyasətini qınayıb. Ən vacibi odur ki, Pezeşkian başqalarından fərqli olaraq vəzifə və sərvətə həris, acgöz adam deyil, seçildiyi təqdirdə ya dediklərini edəcək və ya vəzifədən çəkiləcək”.

O, türk namizədin qonşu ölkələr və ümumiyyətlə, dünya ilə dialoq və sülhün tərəfdarı olduğuna, qadınların, təhsil işçilərinin, dini və milli azlıqların, yeni nəslin problemlərinə qayğı ilə yanaşdığına görə gənclər, tələbələr arasında ciddi nüfuza malik olduğuna diqqət çəkib.

Raşid Həsəni həmçinin Məsud Pezeşkianın pluralist düşüncə, dünyagörüşünə görə həm dünyəvi, həm də dini təfəkkürə malik insanlar tərəfindən də qəbul edildiyini qeyd edib:

“Bu dediklərim vətəndaşları, türkləri seçkilərə dəvət kimi qəbul edilməsin. Əslində bütün bu dediklərimə baxmayaraq, özüm səsvermədə iştirak etməyəcəyəm, ailəmə də iştirak etməməyi tövsiyə etmişəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol