Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

13:40 - 18 Dekabr 2025 - CƏMİYYƏT

 Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun “Mehdiyev işi” çərçivəsində axtarışa verilməsi xəbəri ona ictimai diqqəti xeyli artırıb.

Mühüm vəzifə tutan və ölkənin siyasi həyatında uzun illər mühüm rol oynamış A.Abbasov 1992-ci ildə baş nazirin müavini vəzifəsinə təyin olunub. O, bu vəzifədən 2006-cı ildə öz ərizəsi ilə ayrılıb. Həmin vaxtdan Rusiya Federasiyasına köçüb.

Abbas Abbasovun adı 2012-ci ildə Moskvada yaradılan “Milyarderlər İttifaqı”nı təsis edəndən sonra mediada və siyasi dairələrdə daha çox hallanmağa başladı.

BUTA.TV xəbər verir ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Globalinfo.az-a açıqlamasında Abbas Abbasovun bu posta Elçibəy dövründən əvvəl gətirildiyini bildirib.

Onun sözlərinə görə, Abbasov AXC iqtidarı dövründə artıq baş nazirin müavini vəzifəsini tuturdu:

“Ayaz Mütəllibovun dövründə Abşeron Rayon İcra Hakimiyyətində, ovaxtkı partiya komitəsində çalışmışdı. Daha sonra Nazirlər Kabinetinə gəlmiş, baş nazirin müavini vəzifəsini tutmuşdu. Doğrudur, Abbas Abbasov Rəsul Quliyev və Vahid Əhmədovla eyni dövrdə çalışıb. Rəsul Quliyev baş nazirin müavini vəzifəsinə 1993-cü ildə təyin olunmuşdu. Abbas Abbasov isə Vahid Əhmədovla daha əvvəl bu vəzifədə idi. Təyinatları o dövrün şərtləri kontekstində qiymətləndirmək lazımdır. Azərbaycan yeni müstəqillik qazanmışdı və bir çox adamlar önə çıxırdı. Ona görə də həmin proseslərə bugünkü prizmadan baxmaq obyektiv mənzərə yaratmaz. Abbas Abbasov Özbəkistandan müəyyən karyera yolu keçərək Azərbaycana gəlmişdi. Burada əvvəlcə Quşçuluq İstehsalat Birliyinin rəhbəri olmuş, daha sonra Abşeron rayonunda icra strukturlarında çalışmışdı. Yəni o, pillə-pillə irəliləmişdi. İşgüzar xarakteri olan, ciddi əlaqələrə malik bir şəxs idi. Xüsusilə Rusiya ilə əlaqələri mövcud idi və görünür, həmin dövrdə bu əlaqələrin qurulmasına ehtiyac duyulurdu”.

O.Qasımovun fikrincə, bu məsələlərə bugünkü baxış bucağından yanaşsaq, düzgün nəticə əldə edə bilmərik:

“Məsələyə mütləq o dövrün şərtləri ilə baxmaq lazımdır. Abbas Abbasov o zaman məmurlar arasında seçilən, ünsiyyət qurmağı bacaran və xüsusilə Rusiya ilə əlaqələri nəzərə alınan fiqurlardan idi. Bəzi məsələlərdə onun imkanlarından istifadə olunmuşdu. Abbasovun Rusiya ilə əlaqələri aydın idi. Hətta təxəllüsü də vardı, lakin bunu mətbuata açıqlamaq olmaz. Dörd iyun qiyamındakı rolu və sonrakı dövrdə Surət Hüseynovla əlaqələri də məlumdur. Burada söhbət yalnız 1992-1993-cü illərdən yox, ümumi siyasi mənzərədən getməlidir. Çünki siyasi hakimiyyət bəzən balansları qorumaq və müəyyən güc mərkəzlərini nəzərə almaq məcburiyyətində qalır. Abbas Abbasov da məhz belə gərgin və qarışıq bir dövrdə önə çıxmışdı. Yaqub Məmmədovun dövründə də artıq vitrinə çıxmış fiqurlardan idi. O zamanın mətbuatını izləsək, bu tip şəxslərin fəal simalar olduğunu görərik”.

Politoloqun sözlərinə görə, müstəqillik uğrunda ümumi bir dalğa var idi və ictimai rəyə çox adamları rahat şəkildə qəbul etdirmək mümkün olub:

“Sonradan bəlli olurdu ki, həmin şəxslərin bəziləri məqsədli şəkildə Rusiya kəşfiyyatı tərəfindən önə çıxarılıb, onlara “milli” və “proqressiv” imic verilib. Bu məqamlar nəzərə alınmadan obyektiv nəticə çıxarmaq çətindir. Abbas Abbasov birdən-birə gətirilib baş nazirin müavini edilməmişdi. O dövrdə ciddi kadr qıtlığı vardı, problemlər isə həddən artıq çox idi. İndiki Azərbaycanla 1992-ci ilin Azərbaycanını müqayisə etmək olmaz. O zaman dövlətin adı vardı, amma strukturlar faktiki işləmirdi. Xalq Cəbhəsi hakimiyyətə gələndə dövlət aparatının böyük hissəsi hələ də Moskvaya bağlı idi. Xalq Cəbhəsi hakimiyyətə milli həmrəylik şüarı ilə gəlmişdi və kadr potensialı yetərli deyildi. Üstəlik, 70 illik sistemi bir-iki ilə tam dəyişmək mümkün deyildi. Ona görə də əvvəlki nomenklatura ilə müəyyən razılaşmalar əsasında hökumət formalaşdırıldı. Abbas Abbasov da bu kontekstdə vəzifədə qaldı”.

O.Qasımov deyib ki, Abbas Abbasovun dörd iyundakı rolu hər kəsə məlum olsa da, məcbur qalıb onun imkanlarından istifadə olunurdu:

“Məsələn, taxıl probleminin həllində və bəzi təsərrüfat məsələlərinin qaydaya salınmasında Abbasovun rolu olmuşdu. Lakin Rusiya kəşfiyyatına bağlılığı ilə əlaqədar məsələlər sonradan tam aydınlaşdı. Bugünkü prizmadan baxış çox vaxt yanlış nəticələrə gətirib çıxarır. Dövlət idarəçiliyində güc balansı və maraqların uzlaşdırılması reallığı var idi. Rusiyaya bağlı bir şəxsin vəzifədən uzaqlaşdırılması belə ciddi təzyiqlərlə müşayiət olunurdu. Nəticə olaraq, Abbas Abbasovun və digərlərinin həmin dövrdə yüksək vəzifələrdə qalması təkcə şəxsi keyfiyyətlərlə yox, həm də dövrün mürəkkəb siyasi reallıqları ilə bağlı idi. Bu reallıqları nəzərə almadan məsələni qiymətləndirmək doğru olmaz”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol