Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraqdaroğlunun dəvəti ilə Ankaraya gələn Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddad öz ölkəsinə qayıdarkən təyyarə qəzasına uğradı. Təyyarənin Ankara səmasında qəzaya uğraması və yaxın keçmişdə baş verən ardıcıl hadisələrin sadəcə bir qəza və təsadüflər silsiləsi olub-olmadığı barədə sual yaranır. Düşünə bilərik ki, bəli, bu mümkündür. Lakin təsadüf olmadığını da düşünməliyik.
Bu sözləri BUTA.TV-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
Ekspertin sözlərinə görə, hadisələrin düzümü son dərəcə qeyri-adidir:
“Bütün bunlar tam bir geosiyasi mübarizənin ortasında baş verir. Türkiyəyə məxsus C-130 təyyarəsinin Azərbaycandan qayıdarkən Gürcüstan üzərində qəzaya uğraması, Türkiyənin dörd münaqişənin ortasında qalması, Qara dənizdə dənizdə qeyri-sabitliyin artması, Türkiyə hava məkanında mənşəyi naməlum PUA-ların görülməsi və son hadisə - Liviya Baş Qərargah rəisinin qəzası. Paraleldə isə İran prezidentinin helikopterinin Cənubi Qafqazda qəzaya uğramasına diqqət edək.
Bütün bu hadisələr təsadüfdür, yoxsa təxribat? Hadisələrə ayrı-ayrı diqqət edilməlidir, yoxsa birlikdə? Əslində bu, təzyiq və ya manipulyasiyadırmı?
Hadisənin ilk saatlarında liviyalı rəsmilər təyyarənin qəzaya uğradığını bildirdilər. Halbuki həmin dəqiqələrdə olayın qəza olduğu müəyyən edilə bilməzdi. Bu açıqlama qabaqlayıcı addım və ya vəziyyətin Liviya üçün nə dərəcədə həssas olduğunu da göstərir.
Türkiyəli rəsmilər isə prosesdə ictimaiyyətin yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamalara etibar edilməsi, dezinformasiya cəhdlərinə fürsət verilməməsi barədə xəbərdarlıq etdi.
Qeyd edim ki, qəza bir neçə məqama da toxunur: Aralıq dənizində su, resurs və ərazi mübarizəsi, Qəzza müharibəsindən sonra Türkiyə-İsrail arasında yaranan gərginlik, İsrail - Cənubi Kipr-Yunanıstan yaxınlaşması, İsrail-YPG/PYD yaxınlaşması, Türkiyə və Suriya əlaqələri və s.
Əgər bu hadisə qəza deyilsə, Yüksək Səviyyəli Hərbi-Diplomatik Təhlükəsizlik Hadisəsi kateqoriyasına girmiş sayılır. Belə hadisələr nəticə olaraq qəza ilə başlaya bilər, amma qəza ilə bitmir.
Analizdə ilk sual kimin etdiyi yox, kimin xeyrinə olduğudur. Bəli, qeyri-müəyyənlik istəyən hər kəs üçün bu hadisə qazancdır.
Liviyada hələ də ciddi bir komanda boşluğu mövcuddur. Ölkə siyasi baxımdan parçalanmış vəziyyətdədir və hərbi qurumlar arasındakı əlaqələr kifayət qədər zəifdir.
Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddad yalnız bir hərbçi deyil, həm də Liviyada tarazlığı təmin edən mühüm bir fiqur idi. Belə kritik bir liderin itirilməsi daxili siyasətdə gərginliyi artıraraq xarici müdaxilələr üçün zəmin hazırlaya bilər.
Türkiyədə daxili güc mübarizələrinin beynəlxalq müstəvilərdə necə istifadə edildiyi tarixi baxımdan nümunələrlə məlumdur. Yalnız bunu vurğulayacağam: son dövrlərdə ictimaiyyətin də yaxından izlədiyi sensasiyalı media–fahişəlik–narkotik əməliyyatlarında, daxili siyasi rəqabət və güc mübarizələrində izləri görünən beynəlxalq əlaqə nədir? Baş verən və mümkün daxili əməliyyatlarla Suriya əməliyyatının təsirlənmə potensialı nə qədərdir? Belə hadisələrin çəkindirmə gücünə qarşı psixoloji hücum rejimi mövcuddur. Qavrayış artıq müharibə amilidir. Səssiz, lakin dərin təsirlidir.
Bu hadisənin Liviya üzərindən görünməsi, amma Ankarada baş verməsi mənə bunu deyir: hədəf coğrafiya başqadır, mesaj verilən mərkəz isə Türkiyədir.
Liviya Türkiyə üçün legitim və müdafiə oluna bilən bir öhdəlik sahəsidir. Türkiyə Liviyaya müdaxiləsi və qanuni hökuməti dəstəkləməklə balansları öz xeyrinə dəyişdirdi. Türkiyə burada açıq şəkildə siyasi və hərbi təşəbbüs göstərir, lakin bu vəziyyət bəzi xarici aktorlar tərəfindən qəbul edilmir. Xüsusilə AB-Yunanıstan-İsrail-BƏƏ xəttində. Yəni Liviyaya toxunmaqla Türkiyəyə “başqa dosyelər də yanar” mesajı verilir. Bu, əslində çarpaz təzyiq texnikasıdır: Suriyada addım atsan, bunun bədəlini Liviyada, Aralıq dənizində, hətta öz mərkəzində ödətmək istəyi görünür.
Hadisənin Ankarada baş verməsi o deməkdir ki, mesaj qərar mərkəzinə qərar mərkəzinin özündə verilir. Bu, olduqca kritikdir. Əgər məsələ yalnız Liviya ilə bağlı olsaydı, hadisə ya Liviyada baş verərdi, ya da Aralıq dənizi üzərində, yaxud dönüş zamanı yaşanardı. Amma hadisə Ankaraya yaxın ərazidə və strateji qərarların qəbul edildiyi bir görüşdən sonra baş verdi.
Bu, Türkiyənin formalaşdırdığı və ya formalaşdıracağı təşəbbüslərə, xüsusilə də hərbi əməliyyatların qarşısını almaq istəyən iradəyə verilən xəbərdarlıqdır.
Bəs mən niyə hələ də israrla mümkün Suriya əməliyyatının üzərində dayanıram? Çünki Türkiyədə Suriyaya bağlı şərt kimi təqdim olunan “Terrorsuz Türkiyə prosesi” çökür. YPG/PKK terror təşkilatının Türkiyəyə tələ qurduğu, oyun oynadığı və zaman qazanmağa çalışdığı üzə çıxır. Türkiyə Suriya əməliyyatına hazırlaşdığını nümayiş etdirir və bir sıra proseslər bəzi aktorların qırmızı xəttini keçir. Türkiyədə YPG/PKK ilə əlaqəli açıq və gizli bəzi aktorlar fəallaşır. FETÖ də prosesə daxil olur. Bu və digər məqamlar zəncirvari hadisələr silsiləsi şəklində inkişaf edir.
Türkiyə üçün həddindən artıq sərt reaksiya da, geri çəkilmək də risklidir. Məncə, doğru olan, qərarı pozmadan üsulu sərtləşdirməkdir. Türkiyənin gələcəyi yaxın təhdidi aradan qaldırmaqdan keçir, çünki ən böyük təhlükə ən yaxın təhlükədir.
Bütün bu hadisələr ən böyük, yəni ən yaxın təhdidi uzaq və kiçik bir təhlükə kimi göstərmək cəhdinin bir hissəsidir”.
- Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama
- İlham Əliyevin İrana səfəri planlaşdırılır
- Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım
- Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar
- Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu