Vahid Əhmədov İrandakı azərbaycanlılara çağırış etdi: “Ayağa qalxın...”

12:24 - 30 Yanvar 2023 - CƏMİYYƏT

 Vahid Əhmədov İrandakı azərbaycanlılara çağırış etdi: “Ayağa qalxın...”

“İnanmıram ki, İranla Azərbaycan arasındakı münasibətlər müharibəyə gətirib çıxara bilər. Amma vəziyyət gərginləşən xətt üzrə gedəcək. Hesab edirəm, İranın Azərbaycandakı səfirliyi bağlanmalıdır. Fikir verin, İran səfirliyi məlumat vermədi, nümayəndələr səfirlik binasından qaçdılar, gizləndilər. Hətta jurnalistlərimiz onlardan müsahibə ala bilmədilər. Görünür, deməyə sözləri yoxdur. Nə deyəcəkdilər? Deyəcəkdilər ki, bu, terror deyil? Amma terror olduğu göz qabağındadır.

Deyəcəkdilər ki, niyə Azərbaycan səfirliyi İranda qorunmur? Deməyə sözləri yox idi. Belə halda da İran səfirliyi Azərbaycan tərəfindən necə qorunurdu, nə qədər polis var idi... Xarici İşlər Nazirliyimiz bir neçə dəfə xəbərdarlıq etdi ki, İrandakı səfirliyimizi qorumaq lazımdır, amma İran qorumadı.

Adi bir vətəndaş əlində avtomatla içəri girdi, terror törətdi. Lazımi səviyyədə qorunsaydı, onun içəri girməsi mümkün olmazdı. Görünür, İran dövləti özü terror aktının törədilməsini himayə edib. Dini liderləri bu işə təminat verib, terrorçu da bu hadisəni törədib…”

Bu sözləri   Milli Məclisin deputatı Vahid Əhmədov İranla Azərbaycan arasında müharibə olması ehtimalı barədə danışarkən deyib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Deputat bildirib ki, İrana qarşı dünyada birmənalı, xoş fikir yoxdur: “Hamı bilir ki, İran terrorçu dövlətdir. Dünyanın əksər böyük dövlətləri İranı bir dövlət kimi qəbul etmirlər. Gec-tez İranda inqilab baş verəcək, çevriliş olacaq. Orada demokratik dövlət qurulmalıdır. Həmçinin İran nüvə silahı yaratmaq istəyir. Bu da xarici dövlətlər tərəfindən qəbul olunmur. Artıq İsrail, ABŞ və digər dövlətlər tərəfindən İrana ciddi təpkilər var və bu təpkilər davam edəcək. Çox təəssüf edirəm ki, müsəlman olan bir dövlət Azərbaycanla münasibətləri belə vəziyyətə gətirib çıxardı. Onsuz da İranla Azərbaycan arasında vəziyyət son vaxtlar çox gərginləşmişdi. Vəziyyəti gərginləşdirən İran özü oldu. İran müsəlman dövləti olsa da, Ermənistanı seçmişdi. Ermənistanla bütün siyasi-iqtisadi əlaqələrini qururdu. 44 günlük müharibədə də Ermənistanın yanında oldu. Müharibə bitəndən sonra atdığı bütün addımlar Ermənistanın xeyrinə idi. Ona görə də Azərbaycanla İran arasında münasibətlər gərginləşən xətt üzrə davam edirdi. Azərbaycanın dövlət başçısı, hökuməti çalışırdı ki, münasibət yumşalsın, ona görə də müəyyən görüşlər keçirirdilər. İran səfirini dəvət edib, söhbətlər aparırdılar... İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər nazirinin görüşü də baş tutdu. Dövlət başçımız həmişə onlara xoş münasibət bəsləyib. Çalışıb ki, burada onlar üçün normal şərait yaradılsın. Azərbaycanda müəyyən fabrik, zavodlar tikməyə başlayıblar. Amma bunu başa düşmədilər. 44 günlük müharibədə Azərbaycanın qələbəsini bir sıra dövlətlərin həzm edə bilmədikləri kimi, İran da həzm edə bilmədi. Elə bilirdilər ki, Azərbaycan torpaqları elə daim işğal altında qalacaq. Amma dövlət başçısının, Azərbaycan Ordusunun səyi nəticəsində qələbəyə nail olduq. Bunu qəbul edə bilmirlər”.

 

V.Əhmədov İranın daxilindəki vəziyyətə də toxunub: “İranın daxilində də neçə müddətdir ki, vəziyyət gərgin olaraq qalır. Oradakı azərbaycanlılara qarşı İran tərəfindən çox ciddi təzyiq var, əzab-əziyyət verirlər, hüquqları müdafiə olunmur, nə məktəbləri, nə səhiyyə ocaqları, mədəniyyət mərkəzləri – heç nələri yoxdur. 40 milyonluq azərbaycanlının hüquqları faktiki olaraq İranda məhv edilib. Əlbəttə, bu, uzun müddət davam edə bilməzdi...”

 

Deputat Azərbaycanla İran arasında gərginliyin nə ilə nəticələnəcəyi barədə isə belə deyib: “Azərbaycanla İran arasında bütün siyasi-iqtisadi əlaqələr hələlik kəsiləcək. Faktiki oradakı səfirliyimiz bağlandı. Nəticələr isə birbaşa İranın atdığı addımlardan, terror hadisəsini necə araşdırmasından, bunun nəticələrindən, ümumiyyətlə, Azərbaycana qarşı münasibətlərinin, eyni zamanda İran-Ermənistan münasibətlərinin dəyişməsindən asılı olacaq. Çox məsələlər var. Artıq dövlət olaraq qərarımızı verdik, səfirlik əməkdaşlarını təxliyə etdik, səfirlik bağlandı. Buna baxmayaraq, fikir verdinizsə, Azərbaycan dövləti Təbrizdə konsulluğu saxladı. Çünki oradakı əhalinin haqlarının müdafiəsi, müəyyən tələblərinin yerinə yetirilməsi üçün dövlətimiz həmişə kömək edib, indi də edəcək. İran oturub fikirləşməli, gəlib Azərbaycan dövləti ilə danışıqlar aparmalıdır. Yalvarmalıdır ki, münasibətləri normal vəziyyətə salaq. Münasibətləri bu dərəcəyə gətirib çıxarmağa ehtiyac yox idi. Onsuz da dünya sistemində İranın vəziyyəti kifayət qədər gərgindir. İranda yaşayan 40 milyon soydaşımıza çağırış edirəm ki, artıq ayağa qalxmalıdırlar, İran dövlətinin bu hərəkətinə, terror hadisəsinə sözlərini deməlidirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol