Vətəndaş cəmiyyəti təmsilçilərinin Naxçıvana səfəri doğru düşünülmüş addımdır. Tədricən Naxçıvanı açıq tipli həbs düşərgəsi modelindən çıxarmaq, qapalı-qadağalı məkan olmaqdan uzaq tutmaq lazımdır. Burada həm medianın, həm QHT-lərin, həm də siyasi partiyaların fəaliyyətinə imkan yaratmaq vacibdir.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib.
O bildirib ki, Naxçıvanda yerli təşkilatı olan siyasi partiyalar qərargahla təmin edilməlidir:
“Bir dövlətdə bundan sonra iki fərqli qayda-qanun işləyə bilməz. Orada görülən işlər, aparılan dəyişikliklər barədə hökumət tərəfindən Milli Məclisə ayrıca bir iclasda məlumat verilməsi də faydalı olardı. Digər tərəfdən, Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasını gücləndirmək və səviyyəli təhsil mühiti yaratmaq lazımdır. Sosiallaşma və mədəni mühit olan yerə insanlar daha çox üz tuturlar. Həmçinin, sahibkarlara aşağı faizlə kredit verilməli və maksimum vergi güzəştləri edilməlidir ki, bölgənin inkişafı üçün daha ciddi fədakarlıqlar etsinlər. Obyektləri zorakılıqla əlindən alınmış vətəndaşlara isə hansısa formada yenidən iş həyatına dönüş edə bilməsi üçün kompensasiya verilməlidir.
Bu arada təyyarə biletinin qiyməti də yarıya qədər endirilməlidir. Zəngəzur dəhlizi açılandan sonra bilet qiymətini nə qədər istərsəniz, qaldıra bilərsiz. Hələ ki, alternativ nəqliyyat vasitəsi yoxdursa, bunun bədəlini əksəriyyəti yoxsul olan Naxçıvan camaatına ödətmək nə dərəcədə ədalətli sayıla bilər? Bir sözlə, Naxçıvanın dirçəlişi üçün ayrıca dövlət proqramı hazırlansa və gerçəkləşdirilsə, Zəngəzur dəhlizi açıldığında strateji planların icrası da daha sürətlə baş tutacaq. Necə deyərlər, artıq Naxçıvanın nə xanı var, nə də sultanı, yalnız əzəmətli Azərbaycanı var!”
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir
- Zəfər Günü parad saat neçədə başlayacaq?
- Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu
- Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı
- Bu tarixdə torpaq hərracları keçiriləcək
- İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi