Ukrayna müharibəsində istənilən nəticəni əldə edə bilməyən Rusiya postsovet ölkələrinə üz tutdu. Kreml qonşularından diplomatik və digər dəstək istəsə də, “köhnə sovetlər” Rusiyaya kifayət qədər soyuqqanlı reaksiya verdi. Hətta Moskvanın müharibədə zəifləyən nüfuzundan istifadə edərək, rusların təsirindən çıxmaq və yeni tərəfdaşların dəstəyini almaq üçün fürsət axtarmağa başladılar.
BUTA.TV xəbər verir ki, bu barədə “RBK Ukrayna”nın məqaləsində deyilir.
Qeyd olunur ki, Litva, Latviya və Estoniya 2014-cü il hadisələrindən dərhal sonra Ukraynanın tərəfinə keçən yeganə postsovet ölkələridir:
“Donbasda müharibə başlayandan bəri Baltikyanı ölkələr Kiyevə silahdan tutmuş diplomatik yardıma qədər, müxtəlif köməklik göstərib. Belarus yeganə keçmiş sovet respublikasıdır ki, Rusiyanı sözdə və əməldə dəstəkləyir. Amma reallıqlar dəyişir, Kreml zəifləyir və Belarus bunu anlayır. Rusiyanın Minskə təsiri nə qədər güclü olsa da, Belarus qoşunları ruslarla çiyin-çiyinə döyüşmür. Lukaşenko ərazisini ruslara silah anbarı kimi verməklə kifayətlənir, yüksək səslə dəstək bəyanatlar səsləndirir.
Gürcüstan və Ermənistan Kremllə “birlik”də olmağın klassik nümunələridir. Cənubi Qafqazın üç ölkəsindən (Azərbaycan, Gürcüstan və Ermənistan - red.) yalnız Ermənistan KTMT-nin üzvüdür. Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvan Rusiyadan gözlədiyi hərbi dəstəyi ala bilmədi və Moskvaya münasibəti kəskin şəkildə dəyişdi. Paşinyan hökuməti Rusiya ilə münasibətlərdə soyuqluq nümayiş etdirir. Rusiya-Ukrayna müharibəsi məsələsində Ermənistan səs-küylü bəyanatlar vermir, lakin BMT-də Rusiyanın Ukraynaya təcavüzünü pisləyən səsvermədə bitərəf qalır. İrəvan iqtisadi və siyasi baxımdan Rusiyadan çox asılıdır.
Azərbaycan nə KTMT-nin, nə də Avrasiya İttifaqının üzvüdür. Amma Rusiya ilə xüsusən də iqtisadi sahədə fəal əməkdaşlıq edir. Siyasi müstəvidə isə Bakı getdikcə daha çox Türkiyəyə meyil edir.
Ümumiyyətlə, bu gün Mərkəzi Asiya dövlətləri Ankaraya üz tutur. Müharibə məsələsində Azərbaycan tərəfsizliyini qoruyur və Ukrayna ordusunu silahla dəstəkləmir. Zelenski bu barədə hələ aprel ayında danışıb və qeyd edib ki, o, Bakının mövqeyini anlayır.
Qafqaz ölkələri içərisindən Rusiyadan ən çox zərər çəkən Gürcüstan olub. 2008-ci ildə Rusiya qoşunları Gürcüstanın iki regionunda - Cənubi Osetiya və Abxaziyada "sülhün mühafizəsi əməliyyatı"nı həyata keçirib. Nəticədə Kremlin ciddi nəzarəti altında "müstəqil respublikalar” yaranıb. Hazırki Tiflis hakimiyyəti rusiyayönlü olsa da, Ukraynaya Gürcüstandan hələ də müəyyən dəstək var. Gürcülərin özləri, hökumətdən fərqli olaraq, müharibə məsələlərində qat-qat qətiyyətlidirlər və neytrallığa riayət etmirlər. Xeyli sayda gürcü könüllü Ukrayna ordusunda döyüşür”.
Mərkəzi Asiya ölkələrinə gəlincə isə onlar Rusiya ilə əməkdaşlıqda olan “həmkarlar” kimi praktiki olaraq müharibəni şərh etmir, ya da çox ehtiyatlı bəyanatlar verir:
“Bu, tamamilə başadüşüləndir - Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan Moskvadan iqtisadi cəhətdən asılıdır. Lakin müharibə nə qədər uzun sürərsə, Kremlin Asiya dövlətlərinə təsiri bir o qədər zəifləyəcək. Dördlüyün ən güclü və Rusiya ilə quru sərhədi olan ölkə Qazaxıstandır. Onun lideri Tokayev qonşu ölkələr arasında qondarma respublikaların müstəqilliyini dəstəkləməyəcəyini ilk söyləyənlərdən olub. Qazaxıstan lideri Qərblə tərəfdaşlıq qurur, ölkədə antiamerika və ya antiavropa ritorikası xoş qarşılanmır və yerli sakinlər arasında güclü antirusiya əhval-ruhiyyəsi nəzərə çarpır. Qazaxıstan hələ də Kremldən asılıdır. Təzyiq rıçaqlarından biri də ölkədə, əsasən şimalda yerləşən rusdilli rayonlardır. Qazaxıstan hökuməti Rusiyanın “loyal” əraziləri zəbt edib, klassik ssenari üzrə “respublikalar” yaratmaq üçün istifadə edəcəyindən ehtiyat edir.
Özbəkistan da Ukraynanın şərqindəki “respublikaların” müstəqilliyini tanımadığını açıqlayıb. Amma bunu deyən xarici işlər naziri qəribə təsadüflər nəticəsində dərhal vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra Moskva bəyan edib ki, Daşkənd Rusiya ordusunun Ukraynadakı “xüsusi əməliyyatına” rəğbət bəsləyir. Özbəkistan rəhbəri Mirziyayev yeni prezident seçkisində Kremldən kömək gözləyir. Ona görə də Özbəkistan Rusiyanın bu gün Ukraynada başlatdığı müharibəni tənqid etməkdən çəkinir.
Tacikistan və Qırğızıstanın öz münaqişəsi var və bu mövzuda hər iki dövlət “böyük rus qardaş”ın dəstəyinə arxalanır. Ölkələr qonşudur və vaxtaşırı sərhədlərdə Tacikistanın təhrik etdiyi hərbi iğtişaşlar olur. Bu ölkələr də Rusiyanın Ukraynaya hücumu ilə zəiflədiyini hiss edir. Tacikistan prezidenti Rəhmon gözlənilmədən Putini tənqid edərək özünə və digər Asiya dövlətlərinə hörmət tələb edib.
Moldova da Gürcüstana bənzəyən vəziyyətdədir. Dnestryanı bölgə ruslar tərəfindən işğal olunub, parlamentin daxilində hələ də rusiyayönlü qüvvələr var. Amma Moldovanın bəxti gətirib, onun Rusiya ilə sərhədi yoxdur və müharibə şəraitində Moskva Dnestryanı ilə əlaqəni itirib - həm qurudan, həm də havadan. Moldova prezidenti Sandu Ukraynanı dəstəkləyir, Kreml isə Kişinyova təzyiq göstərmək, iğtişaşlar törətmək və dövlət çevrilişi etmək ümidini itirmir. İstənilən halda, həm Gürcüstan, həm də Moldova üçün Rusiya-Ukrayna müharibəsinin nəticəsi onların gələcəyinə – AB-yə yekun inteqrasiyaya və ya Moskva “boyunduruğuna” qarşı mübarizəyə güclü təsir göstərə bilər”.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?