Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 23-də Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, Hərbi Prokurorluğun inzibati binasındakı Soyqırımı Memorial Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Milli Məclisin deputatları, “Azərbaycan Vətən Müharibəsi Veteranları” və “Xocalı Soyqırımını Tanıtma” İctimai birliklərinin sədrləri və üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfrans iştirakçıları Soyqırımı Memorial Muzeyini ziyarət ediblər. Onlara muzey və orada saxlanılan, tarixi həqiqətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanları barəsində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.
Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda çıxış edərək həmin müdhiş gecədə baş verənlərdən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışıb, bütün bunların Hərbi Prokurorluqda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan Xanlar Vəliyev tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımları, terror aktları və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni, həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi düşünülmüş siyasətin, o cümlədən uğurlu xarici siyasətin, eləcə də dövlətimizin başçısının müstəsna xidmətlərinin, ən yüksək kürsülərdən çıxışlarının, nüfuzlu xarici KİV-lərə müsahibələrinin nəticəsidir.
Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edən Xanlar Vəliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən nəhəng işlərdən, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyətindən danışıb.
Sonra hərbi prokuror Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin bütün dünyaya yayılması istiqamətində yorulmaz fəaliyyətindən söz açıb.
Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik respublika hərbi prokuroruna həvalə edilməklə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.
Məlumat verilib ki, cinayət işi üzrə ümumilikdə 81 minə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 28 min 500-dək şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, 30 mindən artıq şəxs isə şahid qismində dindirilib. Həmçinin 18 mindən çox şəxs mülki iddiaçı qismində tanınıb, 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, 31 mindən çox prosessual qərar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb olunan şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Elman Məmmədov həmin dövrdə baş verənlər barədə xronoloji ardıcıllıqla söz açıb, o cümlədən Xocalı qətliamından, eləcə də o zaman hakimiyyətdə olan şəxslərin yarıtmaz fəaliyyətindən və məsələyə etinadsız münasibətindən bəhs edib.
Deputatlar İlham Məmmədov, Elman Nəsirov, Jalə Əhmədova və digərləri də bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı barədə çıxış ediblər.
Sonra Hərbi Prokurorluğun təşəbbüsü ilə hazırlanmış “Əsrin faciəsi” videoçarxı nümayiş etdirilib.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?