Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq
Foto
Tələbələri təhdid etdiyi üçün xaric edilmiş tələbə yenidən universitetə qayıdır?
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbələrlə bağlı daha əvvəl gündəmə gələn hadisə yenidən müzakirələrə səbəb olub.
BUTA.TV-nin bir müddət əvvəl yaydığı videogörüntülərdə iki şəxsin I kurs tələbələrinə qarşı hədə-qorxu xarakterli davranış nümayiş etdirdiyi əks olunmuşdu.
Görüntülərin yayılmasından sonra ADMİU məsələ ilə bağlı açıqlama verərək, hadisədə adı hallanan Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul edildiyini bildirmişdi.
Universitetin açıqlamasına görə, qərar təhsilalanla ali təhsil müəssisəsi arasında bağlanmış fərdi müqavilənin 2.3.3-cü bəndi və “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4-cü bəndinin “a” yarımbəndi əsasında verilib. Həmin müddəada universitet əməkdaşlarına və təhsilalanlara hədə-qorxu gəlmə halları nəzərdə tutulur.
ADMİU qeyd etmişdi ki, Kənan Zindadilin universitetdən xaric edilməsi ilə bağlı qərar rektorun əmri ilə rəsmiləşdirilərək qüvvəyə minib.
Lakin indi məsələnin başqa bir tərəfi gündəmə gəlir.
Məlumata görə, həmin şəxsin müəyyən müddət sonra yenidən ali təhsil müəssisəsində təhsilini davam etdirməsi məsələsi müzakirə olunur.
Bu isə tələbələrin təhlükəsizliyi və universitetdaxili nizam-intizamla bağlı bir sıra suallar yaradır.
Əgər bir tələbə haqqında digər tələbələrə qarşı hədə-qorxu davranışı ilə bağlı universitet tərəfindən xaric edilmə qərarı qəbul edilibsə, onun sonradan təhsil müəssisəsinə bərpası hansı əsaslarla mümkün olur?
Universitet rəhbərliyi belə bir qərar qəbul ediləcəyi təqdirdə digər tələbələrin təhlükəsizliyinin necə təmin olunacağını açıqlayacaqmı?
Əsas sual isə budur: daha əvvəl ciddi intizam tədbirinə səbəb olmuş davranışın təkrarlanmayacağına hansı mexanizm zəmanət verir?
Hazırda diqqət ADMİU rəhbərliyinin məsələyə münasibətinə yönəlib.