Piyadalara üz tanıma kameraları ilə cərimə yazılır? — SİMA ilə bağlı yeni iddia
Sosial şəbəkələrdə piyadaların yol hərəkəti qaydalarını pozduqları halda təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilərək SİMA tətbiqi üzərindən cərimələndiyi iddia olunur.
BUTA.TV xəbər verir ki, bununla bağlı yayılan videoda bir xanım təhlükəsizlik kameralarının piyadaların üzünü tanıdığını və qayda pozuntusuna yol verən şəxslərə cərimə yazıldığını bildirir.
İddianın hansı rəsmi məlumata əsaslandığı isə açıqlanmır.
Məsələ ilə bağlı diqqətçəkən məqam ondan ibarətdir ki, 2025-ci ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi analoji iddianı təkzib etmişdi. Qurum bildirmişdi ki, Azərbaycanda “SİMA” tətbiqi və ya kameralar vasitəsilə piyadalara cərimə tətbiq edilmir.
Həmin vaxt nəqliyyat eksperti Eldəniz Cəfərov da piyadaların kamera vasitəsilə cərimələnməsi praktikasından xəbərdar olmadığını bildirmişdi.
Digər tərəfdən, SİMA platformasının hazırkı rəsmi məlumatlarında üz tanıma texnologiyasından istifadə edən müxtəlif həllərin mövcud olduğu görünür. Məsələn, SİMA Access müəssisələrə giriş-çıxış zamanı şəxslərin üz tanıma vasitəsilə identifikasiyasını təmin edir. Bu isə öz-özlüyündə yol hərəkəti qaydalarını pozan piyadaların həmin sistem vasitəsilə cərimələndiyini göstərmir.
Qanunvericilikdə isə piyadaların yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Məsələn, müəyyən hallarda piyadanın yolu nəzərdə tutulmuş yerlərdən kənar keçməsi inzibati məsuliyyət yarada bilər.
Beləliklə, sosial şəbəkələrdə yayılan bu məlumat hələlik iddia olaraq qalır. SİMA və ya kameralar vasitəsilə piyadaların üz tanınaraq avtomatik cərimələnməsi ilə bağlı aidiyyəti qurumların yeni rəsmi açıqlaması təqdim olunmayıb.
BUTA.TV olaraq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin və SİMA-nın mövqeyini öyrənməyə çalışacağıq.
Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR