Mərdliyi, cəsarəti, peşəkarlığı və döyüşkənliyi ilə Qarabağ zəfərinin simasına çevrilənlərdən biri də Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı briqada komandiri, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevdir.  

Tabeliyində olmuş yüzlərlə zabit və əsgəri onun haqqında yalnız ən xoş sözləri dilə gətirir. Təsadüfi deyil ki, şəhadətindən sonra bir neçə zabiti öz yeni doğulan övladlarına məhz Anar adını verib. 

Şuşanın azad olunmasından sonra şəhərə ilk dəfə bayraq sancılarkən də onun adı çəkilir – “Anar Əliyev başda olmaqla bütün şəhidlərin şanı şərəfinə 30 ildən sonra Şuşa şəhərinə bayraq sancırıq!” 

“BUTA.TV” 27 Sentyabr – Anım Günü ərəfəsində şəhidin ailə üzvləri, yaxınları ilə həmsöhbət olub, onunla bağlı xatirələri yada salıb.  

Son zəng kasetindən evliliyə...

Şəhidin xanımı Vüsalə Əliyeva bizimlə söhbətində fotodan baxan soyuqqanlı zabit simasının arxasında qayğıkeş, mərhəmətli ürəyin dayandığını deyir. Anarla cəmi 14 il birgə yaşasa da, yaddaşında ömrünün sonunadək bəs edəcək ən gözəl xatirələr toplanıb: “Anar mükəmməl insan idi. Mənim tanıdığım Anar Əliyev çox sadə, mehriban, qayğıkeş, iradəsi çox güclü, əzmli və eyni zamanda cəsur idi. Anarı müharibədə etdikləri qəhrəman eləməyib. Mən düşünürəm ki, o, elə qəhrəman doğulmuşdu. Xarakteri də kəşfiyyatçı xarakteri idi. Çox xoşbəxt qadınam ki, həyatımda Anar Əliyev adlı şəxs olub. O, tək həyat yoldaşı kimi yox, həm də mənim ən yaxın sirdaşım, dostum, həyat müəllimim olub. 20 yaşımda ailə qurmuşam, bundan sonra bir qadın kimi mən Anarla böyümüşəm, onunla yetişmişəm. Övladlarım da xoşbəxtdirlər ki, onların məhz Anar Əliyev kimi atası var. Biz Anarın qoyduğu izlə davam edirik”. 

Anar Vüsalə xanımı Son zəng kasetinə baxaraq bəyənib: “Anarla tanışlıq, bizim evlilik həyatımızın çox fərqli bir hekayəsi var. Mən Tərtərin Bəyimsarov kəndində Anarın bir vaxtlar təhsil aldığı məktəbdə oxumuşam. Həmin məktəbdə Anarın atası Vaqif müəllim mənə ingilis dilindən dərs keçib. Bir şagird kimi məni çox istəyirdi və bəyənib öz oğluna layiq görmüşdü. Vaqif müəllim məktəbdə Anar haqqında çox danışırdı, həmişə söhbət düşəndə oğlanlara nümunə göstərirdi ki, Anar belə bir zabitdir. Artıq sinif olaraq onun haqqında məlumatlı idik və Anarı qiyabi tanıyırdım. Mənim düşüncəmdə çox hündürboylu, qorxmaz, cəsarətli, peşəkar bir zabit idi.

Məktəbi bitirəndən üç il sonra Anarın dostu da təsadüfən məni ona məsləhət görüb ki, çox yaxşı, tərbiyəli qızdır. Sonradan bilib ki, atasının da mənim haqqımda müsbət fikri var və bu fikirlər üst-üstə düşüb. Anar sinif yoldaşımın ovaxtkı Son zəng kasetini alıb baxıb, orada məni görüb. Daha sonra Çexiyaya gedib və həmin dostuna deyib ki, mən kursla əlaqədar gedirəm, atamgilə deyərsən elçiliyə getsinlər, mən razıyam. 

“Anar mənim xəyalımda ağ atlı oğlan idi...”

Əslində mən də Anarı görməmişdim, çünki bir az qapalı ailədə böyümüşəm, çölə-bayıra çıxmırdıq. Onlar elçiliyə gələndə ailəm tanımadığı üçün təbii ki, bir az razı olmadı. Mənim fikrimi soruşanda dedim ki, razıyam. Dedilər ki, necə yəni, oğlanı axı görməmisən, tanımırsan. Dedim ki, mən onun atasını tanıyıram, əgər atası belə bir insandırsa, yəqin ki, oğlu da elədir. Mən sadəcə, o vaxt ailəmə etiraf eləmədim ki, Anarı qiyabi olaraq tanıyıram. Çünki atası onun haqqında danışanda Anar mənim xəyalımdakı qızların arzuladığı o şahzadə, ağ atlı oğlan kimi qalmışdı. Mən o üç il müddətində heç kimə razı olmadım, sanki Anarın nə zamansa gələcəyini gözləyirdim...”

Şəhid xanımı bütün çətinliklərinə rəğmən, Anarla evliliyinə görə çox xoşbəxt olduğunu dilə gətirir: “Biz 2006-cı ildə ailə qurmuşuq. Bu il bizim evliliyimizin artıq 20-ci ildönümü olacaq. Dediyim kimi, mən Anarla böyüdüm, amma çox təəssüf ki, Anarla qocala bilmədim. Çox istəyərdim ki, onunla birlikdə qocalım. Anarı həmişə son gördüyüm kimi xatırlayıram və təbii ki, son nəfəsimə kimi xatırlayacağam. Amma heç vaxt qocalacağını, ağ saçda təsəvvür etmirəm. Evlilik həyatımda ən gözəl addım idi. Biz 14 il birgə yaşamışıq. Rayonlarda, Bakıda, Naxçıvanda xidmətlə bağlı çox yaşamışıq. O hara gedibsə - lap ön cəbhələrə də onunla getmişik. 

Bəzən getdiyimiz yerlərdə günlərlə qaz, işıq olmayıb, amma mən heç vaxt şikayətçi olmamışam. Otağın birinin qapısını bağlayıb şam işığında oturmuşuq. Yadımdadır, bir dəfə Anar xaricə getmişdi, işıqlar sönüb, qaz gəlmir, ev soyuq, qızım Nigar çox balaca idi, bir-iki yaşı olardı. Balaca qaz balonları olur, hansı ki, onu evdə açıq qoyub yandırmaq olmaz. Amma məcbur idim, gecə bir müddətə qədər onu yanılı qoymuşam ki, otaq bir az isinsin. Nigarla qucaqlaşıb gecəni elə yatmışıq. O cür şeyləri çox yaşamışıq, amma heç vaxt onu dilimə gətirməmişəm. Hamı, qohum-əqrəba bizi ən yaxşı şəraitdə yaşayan xoşbəxt bir ailə kimi görüb”. 

Vüsalə Əliyeva hazırda Dövlət Gömrük Komitəsində işlə təmin olunub və leytenant rütbəsində xidmət edir. Deyir ki, Anardan sonra özü ilə bağlı heç bir arzusu qalmayıb. Yalnız Anar üçün, onun övladları üçün məqsədləri var: “Anar o zaman polkovnik-leytenant rütbəsində olsa da, rütbəsinin demək olar ki, vaxtı bitmişdi və artıq nazirlik tərəfindən yeni rütbə təsdiqlənmişdi. Yəqin ki, polkovnik rütbəsi veriləcəkdi, amma onu görmək qismət olmadı. Bəlkə də, yaşasaydı, bu gün daha yüksək ali rütbələrdə idi. Bu mənim üçün yox, Anar Əliyev adı, Anar Əliyev üçün bir məqsəddir ki, nə vaxtsa onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram. Yəni o rütbəni Anar adı olaraq daşımaq istəyirəm”. 

Bir də heç vaxt onun gülməyini görməyəcəksən...

Anarın şəhid xəbərini alanda ailəsi Naxçıvanda olub. Həmin gecə - oktyabrın 21-i Vüsalə xanım pis yuxu gördüyünü xatırlayır. Həyat yoldaşına yaxın zabitlərlə əlaqə saxladıqda isə onun yaralandığını xəbər veriblər: “İnana bilmirdim... Anar elə bir zabitdir ki, mümkün deyildi yüngül yaralarla kimsə onu arxaya göndərsin. Fikirləşdim ki, əgər hospitala göndərilibsə, çox ağır yaralıdır. Bütün hərbçi ailələri bizim yanımızda idi. Oktyabrın 24-ü mən Naxçıvandan Bakıya gələndə artıq hamı onun şəhid olduğunu bilirdi. Həmin gün Tərtərdə Anarla vida mərasimi olub və Müdafiə Nazirliyinin göstərişinə əsasən, onu dəfn üçün İkinci Fəxri Xiyabana gətiriblər. 

Biz üçrəngli bayraqda Anar Əliyevə vida etdik. Çox dəhşətli və acı bir an idi. Çünki sən o insanı bir də həyatında görməyəcəksən, səsini, gülüşünü heç vaxt eşitməyəcəksən. Mən Anar Əliyevlə Vüsalə Əliyevanı o tabutla birlikdə dəfn elədim...

40 gün sanki bir ümid hissi var idi ki, bəlkə, sağdır, bəlkə, yalandır. Bir müddətdən sonra artıq bilirsən ki, o, yoxdur, gəlməyəcək. Acı, dərd insanın özününküləşir və sən o dərdlə böyüyürsən, yaşayırsan, qocalırsan...”

Şəhid xanımı deyir ki, hərbçilər ailələrinə bir fərqli cür bağlı olurlar. Anar da elə idi. Evə gələrkən nə qədər yorğun olsa da, problemləri gizlətməyə, həmişə gülümsəməyə çalışıb. Uşaqların dərsləri ilə maraqlanır, onları təhsilli görmək istəyirdi. Artıq qızı Nigar BDU-nun Tarix fakültəsinin tələbəsidir. Hazırda 9-cu sinifdə oxuyan oğlu Əli isə futbolçu olmaq istəyir. 

​“18 ildir ki, o dovşanı çarpayımın yanında saxlayıram”

Nigarın da atası ilə bağlı xatirələrini dinləyirik. Onun üçün şəhid Anar Əliyevin qızı olmaq qürurverici bir hissdir: “Düzdür, şəhid olduğu üçün onun yoxluğu məni kədərləndirir. Amma fikirləşirəm ki, qürurum kədərimdən daha böyükdür. Onun adı hər zaman mənim yoluma işıqdır.

Atam başqa ölkələrə təlimlərə gedirdi. Bəzən evə gəlmədiyi vaxtlar da olurdu. Amma evə gəldiyi müddətdə bizə vaxt ayırırdı, dərslərimizi soruşurdu. Düşünürəm ki, xatirəmizin o dolu-dolu vaxt keçirə bildiyimiz vaxtı 2019-cu ilin yayı olmuşdu. Onda atam məzuniyyət götürmüşdü. Biz həmin yayı bir çox rayonlara getmişdik, gəzmədiyimiz, görmədiyimiz yerləri atamla bərabər gəzib görmüşdük.

Uşaqlığımda xarici ölkələrə gedirdi, bizə oradan hədiyyələr gətirirdi. Macarıstandan oyuncaq sincab hədiyyə gətirmişdi, o hələ də evdə var. Bir dəfə Qarsdan təlimdən qayıdanda mənə boyunbağı hədiyyə almışdı. Onu hələ də saxlayıram. Yəni atamla bağlı olan xatirələrim yanımdadır, onun əlinin dəydiyi, alıb gətirdiyi hədiyyələr hələ də mənimlədir. Hətta oyuncağım da var, mənim ilk 8 Mart hədiyyəm olub. Artıq 18 yaşım var, o hədiyyə isə bir yaş hədiyyəm idi. 18 ildir ki, o dovşanı saxlayıram, çarpayımın yanındadır.

Həmişə belə zarafat edirdi ki, mən qızımı xaricə aparacağam, gəzəcəyik onunla. İstəyərdi ki, bir yerdə gedək, gəzək, görək. Atamdan sonra xaricə düşərgələrə getdim - Almaniyaya, Türkiyəyə... Düzdür, çox istəyərdim atamla bərabər gedim, amma hər dəfəsində fərz eləyirəm ki, atam da yanımdadır, atamla bərabər getmişəm”.  

Anar Əliyev ailəsinə göstərdiyi qayğını öz tabeliyində olan hərbçilərə də göstərib. Zabit və əsgərləri, döyüş yoldaşları onu ən gözəl sözlərlə xarakterizə edirlər. 

Hazırda ehtiyatda olan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandan müavini general-mayor Teymur Eyyubovun Anar Əliyevlə tanışlığı onun 2014-cü ildə Şahbuz rayonunda yerləşən Xüsusi Təyinatlı Taborun qərargah rəisi vəzifəsinə təyinatı ilə başlayıb. Həmin gündən də nümunəvi bir zabitin xidmət yolu başlayıb. Daha sonra həmin taborun komandiri vəzifəsində xidmətini davam etdirib. 2015-ci ildə Anar polkovnik-leytenant hərbi rütbəsinə vaxtından əvvəl layiq görülüb. Sonraki illərdə isə əsas ordunun xüsusi təyinatlı bölmələrinin içərisindən ən seçilmiş zabit, gizir, MAXE-dən ibarət xüsusi təyinatlı tabor yaradılıb ki, Anar Əliyev həmin tabora komandir vəzifəsinə təyin olunub. 

Vətənin o tərəfi, bu tərəfi yoxdur...

Teymur Eyyubov qəhrəmanımızın döyüş yolundan bəhs edir: “O taboru biz universal bir bölmə kimi yetişdirirdik. 2018-ci ildə Günnüt əməliyyatında Anar Əliyevin taborunun böyük fəaliyyəti oldu və təsəvvürünüzə gətirin, 11 min hektar ərazinin azad olunmasında xüsusi təyinatlıların hamısı orada idi, ancaq əsas güc, əsas istiqamət Anar Əliyevin rəhbərlik etdiyi taborun üzərinə düşürdü. Bir şəhid vermədən o iki gecədə həmin yüksəklikləri götürdük və erməni bölmələri iki gündən sonra hiss elədilər ki, orada bizim Azərbaycan Ordusunun heyəti yerləşib.

Bundan başqa, qış təlimlərinin keçirilməsini ilk olaraq Anar Əliyev təklif etmişdi. Anarın xətrini mən peşəkarlığına, səmimiyyətinə, dürüstlüyünə görə bir zabit kimi yox, qardaş kimi istəyirdim. O, həm də millətini, dövlətini, xalqını sevən bir zabit idi. Əslən Kəlbəcərdən olduğu və uşaqlıqdan qaçqın düşdüyü üçün Tərtər rayonunda yerləşmişdilər. Həmişə torpaq, vətən həsrətində olub. Hər zaman deyirdi ki, cənab general, biz torpaqlarımızı haçan qaytaracağıq? Nə vaxtacan kimlərinsə yanında başıaşağı gəzəcəyik? Deyirdim səbir elə, hər şeyin öz vaxtı var. Nə vaxt Ali Baş Komandan tərəfindən tapşırıq veriləcək, onda biz öz tapşırığımızı yerinə yetirəcəyik.

2020-ci ilin Vətən Müharibəsi başlayanda Ordu komandanı general-polkovnik Kərəm Mustafayevdən zəng gəldi, məni təcili yanına çağırdı. Dedi ki, Ali Baş Komandanın tapşırığı var, bizim ən yaxşı bölmələrimiz getməlidir, Vətən müharibəsində dəstəyə ehtiyac var. Soruşdum ki, bəs əsas bölmələri göndərəcəyiksə, biz burada nə edəcəyik? Qarşı tərəfdən hər hansı bir təhdid olarsa, ya bizə tapşırıq olarsa? Dedi ki, bizə tapşırıq olunub ki, dövlət sərhədindən müdaxilə olunmasın. Çıxan kimi əlbəttə ki, məxfi rabitə ilə birinci Anara zəng elədim. Dedim ki, bütün heyətə 1 nömrəli tapşırıq ver, hazır vəziyyətdə olsunlar. Çatıram, deyəcəyəm nə eləmək lazımdır. İnanın, mən çatanda Anarın gözündəki o sevinci sizə burada ifadə edə bilmərəm. İlk sualı o oldu ki, “cənab general, hücuma keçirikmi?” Dedim istəyimizə nail olduq, amma burada yox. Dedi, vətənin o tərəfi, bu tərəfi yoxdur, hara olsa, biz hazırıq”.

O məşhur foto da həmin vaxt çəkilmişdi

Generalın sözlərinə görə, tapşırıq belə olmuşdu ki, 3 saatdan sonra təyyarə gəlir, birinci heyətə hazırlaşmaq üçün cəmi 1 saat vaxt verilir. Sözbət zamanı məlum olur ki, o məşhur foto da (polkovnik Tehran Mənsimovun Anar Əliyev və digər zabitlərlə birgə çəkdiyi selfi - red.)  həmin vaxt çəkilib: “Bəli, o foto həmin təyyarədə olarkən birinci heyətin gəlişi zamanı çəkilib. Birinci heyətin rəhbəri Anar Əliyev idi. Ona da əlavə dəstək üçün xüsusi təyinatlı bölmələrdən zabitlər verildi. O vaxt polkovnik-leytenant, hazırda polkovnik olan Rəşad Aslanov, polkovnik Tehran Mənsimov, polkovnik Haqverdi Dadaşov... Yola salanda Anara dedim ki, əminəm, sən Kəlbəcərə qədər gedəcəksən. Dedi ki, cənab general, əmin olun ki, canımızı verəcəyik, amma torpaqlarımızı azad edəcəyik. Mən olmasam da, mənim övladlarım, ata-anam mənim vətənimdə, Kəlbəcərdə yaşayacaq... 

Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordudan gələn xüsusi təyinatlı heyətin böyük zəhməti, bizim qəhrəman şəhidimiz Anar Əliyevin fəaliyyəti çox böyük olub.

...Anar Əliyevlə mənim ad günüm eyni gündədir - 28 avqustda. Biz ad günümüzü bir yerdə qeyd edərdik. Bir dəfə təlim mərkəzində böyük bir təlim hazırlayırdıq, ad günü həmin vaxta düşdü. Elə söyüd ağacının altında oturmuşduq, simvolik olaraq bir tort kəsdik. Anarın rəhbərlik etdiyi taborun həyətində bir söhbətgah vardı, bir neçə dəfə də orada qeyd etmişik. Hər zaman mənə deyərdi ki, gəlirsinizsə, çayı dəmləyək, ad günümüzü qeyd edək. Günorta vaxtı gəlib otururduq, bir tort kəsirdik, taborun tabeliyində olan zabitləri dəvət edərdik və bir-birimizi təbrik edirdik. Anar tabeliyində olanlara bir qardaş, ata qayğısı göstərirdi. O, döyüşdə yaralanandan sonra 3 saata qədər yaralı vəziyyətdə öz bölməsini, tabeliyində olanları tərk etməyib və qanaxmadan şəhid olmuşdu. Zabitlərimiz də Anarı çox gözəl tanıyırlar, onun tabeliyində olanlar da elə Anarın adını götürüb öz övladlarına qoyublar ki, onun kimi qəhrəman yetişsinlər”. 

Qeyd edək ki, Anar Əliyev Vətən müharibəsində göstəriyi mərdlik və şücaətə görə respublikanın ən ali fərqlənmə dərəcəsi - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda medalları ilə təltif olunub. 

Gülnar Əliyeva

Foto-Video: Xəyal Vəlizadə, Pərvin Zeynal

70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı 70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı