Burada çoxunun gözü qapıdadır... - Videoreportaj
Video
Foto
Bəzən bir insanın danışdığı xatirə bizi illər əvvələ aparır, bəzən də bir cümləsi həyat haqqında yenidən düşünməyə vadar edir. Bütün həyatını göz önündən keçirib özünə suallar verdiyin yerlərdən biri də qocalar evidir.
“BUTA.TV” olaraq 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə üz tutduq.
Müəssisənin həyətinə daxil olduğum ilk andan qəribə bir sakitlik hiss etdim. Bu sakitlik boşluqdan deyil, sanki illərin xatirələrindən, yaşanmışlıqlardan doğurdu. 210 nəfərə ev olan müəssisədə hər kəsin öz dünyası var. Kimi söhbət edir, kimi səssizcə ətrafa baxır, kimi kitab oxuyur, kimi nərd oynayır, kimi isə qapıya tərəf boylanırdı.
Burada hamının gözü qapıdadır. Qapısı açılan da var, açılmayan da. Yanına gələn də var, gəlməyən də. Bəzən bir qapının açılması illərin həsrətinə son qoyur, bəzən isə günlərlə, aylarla gözlənilən qapı heç açılmır.
Bəs keçdikləri uzun həyat yolunda peşmanlıqları nələrdir, geri dönmə şansları olsa nələri dəyişərdilər, bu gün kimin yolunu gözləyirlər və kim üçün darıxırlar? Bütün bu suallara elə özlərinin cavab verməsini istədik. Taleləri kimi cavabları da fərqli oldu…
- Geriyə dönüb həyatınıza baxanda, “kaş ki” deyib dəyişmək istədiyiniz nə isə varmı?
- İki ilə yaxındır burada yaşayan 78 yaşlı Rüxsarə Qasımova: “Çox şey. Çox şey var. Həkim olmaq istəyirdim. Ailəmizdə həkim çox olduğu üçün mən də həkimliyi xoşlayırdım. Amma ayrı cür alındı. Mən konservatoriyanı qutarmışam, piyanoçuyam. Belə…”
- 77 yaşlı Kərim Mustafayev: “Geriyə dönmək... Hara dönüm geriyə?! Ev yox, ailə yox. İki övladım var. Amma mən onları 1987-ci ildən itirmişəm, bilmirəm haradadırlar. Daha heç nə dəyişəsi kimi deyil”.
- 2 ildir buranın sakini olan 80 yaşlı Adil İsmayılov: “Bundan sonra heç nəyi dəyişə bilmərəm. Amma üç övladımın hər biri ali təhsilli, savadlı uşaqlardır, lakin işsizdirlər. İstəyərdim onlar işlə təmin olunsunlar, övladlarına baxa bilsinlər”.
- 79 yaşlı Aleksandr Bağırov: “İstəyərdim 20 yaşım olsun, əsgərlikdən gəlib yenidən həyatımı qurardım. Mənim yaxşı ailəm olardı. İndi o ola bilməz. Başqa biri ilə evlənərdim, əlbəttə”.
- Ən çox nə və ya kim üçün darıxırsınız?
- Ömrünün 23 ilini Qocalar evində keçirən 93 yaşlı Zəminə Cəbrayılova: “Mən ən çox Leyla Əliyeva üçün darıxıram. Ona görə ki, o mənim şeirlər kitabımı çıxartdıracaq. Nəvəm üçün darıxıram. Qızımın qızı üçün darıxıram. Türkiyədədir”.
- 77 yaşlı Arif Babayev: “5 ildir buradayam. Heç kim üçün darıxmıram. Burda hər şey yaxşıdır. Mənim bir qızım Amerikadadır, üç gün bundan qabaq oğluma nişan etmişəm. Axşamlar yaxşı yatıram. Heç kimin də fikrini çəkmirəm. Qoy mənim dərdimi çəksinlər”.
- Rüxsarə Qasımova: “Balalarım üçün…”
- Aleksandr Bağırov: “Heç kim üçün darıxmıram. Kitab oxuyuram, televizora baxıram, telefonla məşğul oluram”.
- Həyatınızın hansı gününü yenidən yaşamaq istərdiniz?
- Yenicə burada yaşamağa başlayan 70 yaşlı Mirvari Məmmədova: “Oğlumun Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olduğu günü… Oğlumun əsgərliyidən qayıdan günü. İndi oğlum mənimlə deyil, məndən uzaqdadır”.
- 2 ildir Qocalar evində yaşayan 80 yaşlı Rayisa Şagidulina: “Anamın, bacımın olduğu, onlarla birlikdə yaşadığımız günlərə geri qayıtmaq istəyərdim. Onlarla yaşamaq istərdim”.
- Adil İsmayılov: “İki ildir burdayam. Mən necə deyim sizə ki, mən heç yaşamaq istəmirəm. Çünki heç kimə lazım deyiləm. Bütün həyatım boşuna gedib. Mən 20 il Moskvada yaşadım, işlədim, qazanıb bura göndərdim uşaqlarım üçün. Oradan qayıdandan sonra uşaqlara lazım olmadım, onlara yük də olmaq istəmədim. Gəldim bura”.
- Bu gün kimin yanınıza gəlməsini istərdiniz?
- Mirvari Məmmədova: “Balamın gəlməyini istəyərdim. İstəyərdim, balam gəlsin, bir yerdə olaq. Tək qalmayım”.
- Adil İsmayılov: “Heç kimin. 3 övladım var. Nə özləri gəlir, nə də nəvələrimi qoyurlar gəlsinlər. Daha onlar gəlməyəndən sonra mən kimi istəyəcəyəm ki?
- Kərim Mustafayev: “İki ildir buradayam. Heç kimim yoxdur, heç kim də gəlmir. Bacılarım, qardaşlarım sağ olsaydı, onlar gələrdilər. Anam sağ olsaydı, istəyərdim, anam gələrdi”.
- Aleksandr Bağırov: “Arvadımla boşandıqdan sonra evi ona verib özüm gəldim burada yaşamağa. Yanıma heç kəs gəlmir. Heç kəsi də istəmirəm”.
Lamiyə Məmmədova
Foto-Video: Xəyal Vəlizadə































Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO