Ronaldo Messinin gedişini belə şərh etdi - “Səni qucaqlayıram...”
Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldo əzəli rəqibi Lionel Messinin Argentina yığmasındakı karyerasını bitirməsinə reaksiyasız qalmayıb.
“BUTA.TV” xəbər verir ki, portuqaliyalı ulduz Messinin rəsmi “Instagram” hesabındakı vida paylaşımına səmimi şərh yazaraq diqqət çəkib:
“Leo, uzun illərdir ölkən üçün mübarizə aparırsan və əbədi yaşayacaq bir tarix yazmısan. Argentina ilə qazandığın bütün uğurlara görə sənə böyük hörmətim var. Səni qucaqlayıram”.
Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə həm keçirdiyi oyun (208), həm də vurduğu qol (126) sayına görə mütləq rekordçu kimi tarixə düşüb. O, yığma ilə Dünya Çempionluğu, iki dəfə Amerika Kuboku, Olimpiya qızılı və gənclər arasında dünya çempionluğu da daxil olmaqla bütün mümkün titulları qazanıb.
Xatırladaq ki, oktyabrın 6-da Lionel Messi Buenos-Ayresin “Monumental” stadionunda Argentina forması ilə son matçına çıxıb. Beninlə 3:0 hesabı ilə başa çatan yoldaşlıq oyununda 39 yaşlı əfsanəvi hücumçu 1 qol vurub və 2 məhsuldar ötürmə edərək 21 illik milli karyerasına möhtəşəm nöqtə qoyub. Matçdan sonra paylaşım edən Messi ailəsinə, azarkeşlərə və əbədi xatirəsi olan Dieqo Maradonaya təşəkkür edib.
Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz
