Messi topu rəqibin üzünə çırpdı - Qırmızı vərəqə almaması müzakirə yaratdı - Video
Video
MLS Kuboku pley-offunun ilk oyununda “İnter Mayami” “Kolumbus Kryu”ya 0:3 hesabı ilə məğlub olub.
“BUTA.TV” xəbər verir ki, görüşün gedişində Lionel Messinin rəqib oyunçunun üzünə top atması və bunun sarı vərəqə ilə qiymətləndirilməsi müzakirələrə səbəb olub.
Birinci hissənin sonlarına yaxın, “İnter Mayami”nin 10 nəfərlə oynadığı və 0:1 hesabı ilə geri qaldığı vaxt Messi aut atışı zamanı topu “Kolumbus”un hücumçusu Qonsalo Tapianın üzünə atıb. Baş hakim Allen Çapman həm Messiyə, həm də Tapiaya sarı vərəqə göstərib.
“Kolumbus Kryu”nun baş məşqçisi Loran Kurtua oyunsonrası mətbuat konfransında Messiyə qırmızı vərəqə verilməli olduğunu deyib: “Hamı bilir ki, o, sarı vərəqədən daha ağır cəzaya layiq idi. Bu, həqiqətən, çox kədərlidir”.
Hakim Allen Çapman isə qərarını belə əsaslandırıb: “Tətbiq olunan güc çox cüzi idi və bu hərəkət kobud davranış səviyyəsinə çatmırdı”.
Qeyd edək ki, 8-ci dəqiqədə “İnter Mayami”nin qapıçısı Deyn Sent-Klerin cərimə meydançasında rəqib hücumçunu yıxmasından sonra Qonsalo Tapia penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 36-cı dəqiqədə isə Qonzalo Luxan qırmızı vərəqə alaraq meydandan qovulub. İkinci hissədə Taha Habrun fərqi ikiqat artırıb, daha sonra isə Tapia ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Maksimum üç oyundan ibarət seriyanın ikinci qarşılaşması cümə günü Ohayoda keçiriləcək. “Kolumbus” qələbə qazansa, “İnter Mayami” pley-offdan kənarlaşacaq.
Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi