Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Biləcəridə yerləşən filialın müdiri M.Hüseynov satıcı-anbardarla birgə külli miqdarda dəyəri olan malları qeyri-qanuni yolla mənimsəməkdə təqsirli bilinib.
M.Hüseynov və supermarketin digər əməkdaşı E.İbrahimov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, hər iki şəxs əlbir olaraq Biləcəri qəsəbəsində yerləşən marketin anbarından 103 467 manat dəyərində malı kassaya vurmadan qeyri-qanuni formada çıxararaq gizli şəkildə başqa sahibkarlara satıblar. Mənimsəmə yolu ilə ələ keçirilən mallardan 11 400 manatlıq hissəsi “Lays” çipsiləri olub.
Məhkəmə iclasında zərərçəkmiş şirkətin nümayəndəsi bildirib ki, cinayət nəticəsində dəymiş zərərin 24 000 manat hissəsinin təqsirləndirilən şəxs E.İbrahimov tərəfindən ödənilməsi ilə bağlı razılıq əldə olunub. O, zərərdən 79 467,44 manat hissənin hələ də ödənilməmiş qaldığını qeyd edərək ödənilmiş dövlət rüsumu da nəzərə alınmaqla, 79796,44 manat məbləğində pulun M.Hüseynovdan tutularaq MMC-yə ödənilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynova 6 il həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. E.İbrahimova isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin dəymiş zərəri ödəməsi və digər hallar nəzərə alınaraq onun cəzası 3 il sınaq müddəti qoyulmaqla şərti hesab edilib.
Məhkəmə M.Hüseynova qarşı mülki iddianı da təmin edib və 80 min manata yaxın vəsaitin ondan tutulmasına qərar verib.
Aslan Vəliyev
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"