Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında yazıçı-deputat Aqil Abbasın Ağdamda ev məsələsini gündəmə gətirməsi ciddi müzakirələrə səbəb olub.

BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, deputat atasının Ağdamda altıotaqlı evi olduğunu, lakin nə özünə, nə də bacı-qardaşlarına mənzil verildiyini bildirib. O, vaxtilə Ağdamda yaşayıb sonradan qeydiyyatını dəyişən insanların da mənzil təminatından kənarda qaldığını diqqətə çatdıraraq, məcburi köçkün statusuna yenidən baxılmasını təklif edib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın çıxışına sərt reaksiya verərək onun fikirlərini Ağdamda aparılan quruculuq işlərinə kölgə salmaq kimi qiymətləndirib.

“Bu qədər iş görülür və niyə bu işlərə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür?” – deyə spiker deputata etiraz edib.

Hadisə sosial şəbəkələrdə də müzakirələrə yol açıb. Bir tərəfdən Aqil Abbasın ev istəməsi tənqid olunub, digər tərəfdən isə tanınmış yazıçıya parlamentdə göstərilən münasibət narazılıq doğurub.

Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcid məsələyə münasibət bildirərək Aqil Abbasın Ağdam qarşısındakı xidmətlərini xatırladıb və ona verilən cavabı doğru saymadığını ifadə edib:

“Bütün ömrünü Ağdamın təbliğinə həsr edən, Ağdam haqqında ən gözəl bədii əsərlərin, ən təsirli bədii filmin müəllifinə, Ağdamı küçə-küçə, adam-adam öz hekayələrinə köçürüb yaşadan, Ağdam deyəndə dodağı çat-çat olan, adına Ağdamda küçə və büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər”.

Tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayətqızı isə Rəşad Məcidin fikirlərinə münasibət bildirərək baş verənləri cəmiyyətdə ziyalılara qarşı münasibətin nəticəsi kimi qiymətləndirib.

O, uzun illər ziyalılara qarşı haqsızlıqlara susmağın bu cür hallara şərait yaratdığını bildirib:

“Aqil Abbasa bu cür cavab verilməsinin səbəbi illərdir ziyalımıza, vətənini sevən, onun üçün çalışan insanlara qarşı haqsızlıqlara göz yummamız, susmağımızdır. Vaxtında haqq deyən ziyalımıza haqqı çatan-çatmayan insanların dil uzatmasına mane olsaydıq, bu gün haqqını istəyən bir ziyalımız bu cavabla üz-üzə qalmazdı”.

Xoşqədəm Hidayətqızı parlamentdə deputatların baş verənlərə səssiz qalmasını da tənqid edib:

“Aqil Abbas kimi Ağdam uğrunda canından keçməyə hazır olan, sadəcə öz haqqını tələb edən bir ağdamlıya deyilən o sözə, əslində, elə parlamentdəkilər cavab verməli idi. Amma çox təəssüf ki, yenə də hamı susmağa üstünlük verdi. Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım, Aqil Abbas ingilis dilini bilməyə bilər. Amma o, bizim öz dilimizi mükəmməl bilən, əsərlərində Ağdamı yaşadan, qələmində, ruhunda, qanında Ağdamı daşıyan bir insandır. O, əsl vətəndaş, əsl ağdamlıdır!”

Aparıcı Aqil Abbasın Ağdamda ev tələb etməsini onun təbii hüququ hesab etdiyini də vurğulayıb:

“Onun Ağdamda evinin olması isə ən təbii haqqıdır. Ata mülkünü kiməsə hədiyyə etməli deyil ki! Bu, onun ata ocağı, doğma yurdu, haqqıdır!

Çünki söhbət Aqil Abbasdan gedir! O Aqil Abbasdan ki, Ağdamı təkcə sözü ilə deyil, bütün varlığı ilə yaşadır!”

Qeyd edək ki, Aqil Abbas Ağdamda ev məsələsini təkcə özü üçün qaldırmadığını bildirib.

Deputatın sözlərinə görə, mövcud qaydalar məcburi köçkün statusu olmayan şəxslərin həmin ərazilərdə mənzillə təmin edilməsinə imkan vermir. O, vaxtilə Ağdamda mülkiyyəti olmuş, lakin uzun illərdir başqa şəhərlərdə yaşayan insanların da hüquqlarının nəzərə alınmasını istəyib.

“Bir dəfə sözümü dedim. Dava, mübahisə etmirəm ki? Amma ev versələr, gedib Ağdamda yaşayaram. Lakin söhbət məndən getmir. Mən və mənlərdən gedir. Ağdam qeydiyyatı olmayan, 50 ildir Bakıda yaşayan, amma orada mülki olan insanlara da ev verilməlidir. Qanun buna yol vermir, ona görə də ona baxılmalıdır”, – deyə Aqil Abbas vurğulayıb.

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video