Polşada Konstitusiya Tribunalı ətrafında yaranan siyasi böhran Prezident Karol Navrotskinin ölkəyə qayıtmasından sonra da həllini tapmayıb. 

“BUTA.TV” xarici mətbuata istinadən xəbər verir ki, Seneqala rəsmi səfərini yarımçıq saxlayaraq ölkəyə qayıdan dövlət başçısı Polşa Konstitusiya Məhkəməsinin sədri Boqdan Sveçkovski ilə görüşüb, daha sonra isə Konstitusiya Tribunalının binasına yollanıb. 

Maneələrə baxmayaraq, tribunalın binasına daxil olan Navrotski burada məhkəmənin idarəçiliyini öz üzərinə götürmüş hakim Anna Korvin-Piotrovska və digər hakimlərlə üz-üzə gəlib. Tərəflər arasında mübahisə yaşanıb. Prezident binadakı hakimlərin legitimliyini tanımadığını bildirib. Korvin-Piotrovska isə özünün və digər hakimlərin Konstitusiya Tribunalının üzvləri olduğunu vurğulayıb. Navrotski səhər saat 05:00 radələrində binanı tərk edib.

Bundan sonra Polşa Prezidenti ölkədə konstitusiya quruluşunun pozulduğunu və dövlət orqanının zorla ələ keçirildiyini bəyan edib. O, hökumətin göstərişi ilə tribunalın ərazisinə göndərilən hüquq-mühafizə qüvvələrinin binanı tərk etməsini tələb edib. 

Dövlət başçısı yaranmış vəziyyətin ölkənin daxili təhlükəsizliyinə təhdid yaratdığını bildirərək oktyabrın 31-də parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə təcili məsləhətləşmələr keçirəcəyini elan edib. 

Baş verən hadisələr fonunda Polşanın Çindəki səfiri Yakub Kumoçun ardınca Rumıniyadakı səfir Pavel Solox da vəzifəsindən istefa verib. 

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video