Azərbaycanda sənədsiz mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı daşınmaz əmlak bazarında aktual problemlərdən biri olaraq qalır. Qiymətinin nisbətən ucuz olması və satıcıların müxtəlif vədləri bəzi vətəndaşları belə əmlakları almağa sövq edir. Lakin alıcılar çox vaxt əldə etdikləri evin hüquqi statusunu, gələcəkdə mülkiyyət hüququnu rəsmiləşdirmək imkanlarını və yarana biləcək riskləri nəzərə almırlar.

BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya danışan əmlak eksperti Fərid Cəfərov bildirib ki, sənədsiz ev almaq ilk baxışdan sərfəli görünsə də, alıcı üçün ciddi hüquqi və maliyyə problemlərinə yol aça bilər.

Ekspertin sözlərinə görə, əsas təhlükə alıcının evi faktiki olaraq əldə etməsinə baxmayaraq, həmin əmlak üzərində hüquqlarını qanuni qaydada rəsmiləşdirə bilməməsidir:

“Sənədsiz mənzil və ya fərdi yaşayış evi almaq ilk baxışdan daha sərfəli seçim kimi görünsə də, əslində alıcı üçün ciddi hüquqi və maliyyə riskləri yaradır. Əsas risk ondan ibarətdir ki, alıcı evi faktiki olaraq əldə etsə də, həmin əmlak üzərində hüquqlarını qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirə bilməyə bilər. Belə hallarda mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması alıcını hüquqi müdafiə baxımından çətin vəziyyətə salır”.

Fərid Cəfərovun fikrincə, sənədsiz əmlak alarkən qarşıya çıxa biləcək problemlər bununla məhdudlaşmır. Eyni evin bir neçə şəxsə satılması, satıcının əmlakı satmaq səlahiyyətinin olmaması, tikilinin qanunsuz inşa edilməsi və torpaq sahəsinin təyinatının tikintiyə uyğun gəlməməsi də ciddi təhlükələr sırasındadır. Belə əmlaklar gələcəkdə söküntü təhlükəsi ilə də üzləşə bilər:

“Bundan əlavə, sənədsiz əmlakın satılması, bağışlanması, vərəsəlik qaydasında ötürülməsi və girov qoyulması ciddi hüquqi maneələrlə müşayiət oluna bilər. Mübahisə yarandıqda isə alıcının ödədiyi vəsaiti geri qaytarması belə uzunmüddətli məhkəmə prosesinə çevrilə bilər.

Əmlak bazarında vətəndaşların yol verdiyi əsas yanlışlıqlardan biri də evdən faktiki istifadəni mülkiyyət hüququ ilə eyniləşdirməkdir. Evdə yaşamaq, kommunal xidmətlərdən istifadə etmək və uzun müddət həmin ünvanda qeydiyyatda olmaq mülkiyyət hüququnun təsdiqi hesab edilə bilməz.

Fərid Cəfərov vətəndaşlara daşınmaz əmlak alarkən yalnız qiymətə və evin fiziki vəziyyətinə deyil, onun hüquqi statusuna da diqqət yetirməyi tövsiyə edib:

“Hesab edirəm ki, daşınmaz əmlak bazarında ən ciddi yanlış təsəvvürlərdən biri evin faktiki istifadəsini mülkiyyət hüququ ilə eyniləşdirməkdir. Halbuki evdə yaşamaq, kommunal xidmətlərdən istifadə etmək və hətta uzun müddət həmin ünvanda qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət hüququnu təsdiq etmir.

Nəticə etibarilə, vətəndaşlara tövsiyəm odur ki, daşınmaz əmlak əldə edərkən yalnız evin fiziki vəziyyətinə və qiymətinə deyil, onun hüquqi statusuna, torpaq sənədlərinə və dövlət qeydiyyatına xüsusi diqqət yetirsinlər. Çünki daşınmaz əmlak alqı-satqısında ən böyük təminat şifahi vədlər deyil, qanunla tanınan və rəsmiləşdirilmiş mülkiyyət hüququdur”.

Evini kirayə verənlərin nəzərinə! Evini kirayə verənlərin nəzərinə!