Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbərdarlıq edib ki, TRİPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi Moskva və Tehranın maraqlarına təsir etməməlidir. O qeyd edib ki, layihə regionda yeni bölücü xətlər yaratmamalıdır, əks halda, nəqliyyat və logistika təşəbbüsü “uğursuzluğa məhkum olacaq”.
Moskva bununla TRİPP-in bütün tərəflərinə - Vaşinqton, İrəvan və Bakıya xəbərdarlıq etsə də, maraqlarının nəzərə alınması imkanlarının tükənmədiyini düşündüyü üçün Tehrandan fərqli olaraq, daha ehtiyatlı yanaşma sərgiləyir. TRİPP-ə qarşı sərt ritorikanı əsasən İran irəli sürür və cəbhəsini gücləndirmək məqsədilə zaman-zaman layihənin Rusiyaya qarşı olduğunu da gündəmə gətirir. Tehranın ritorikasını bölüşməyən Moskvanın indi xəbərdarlığa bənzər mesaj ünvanlamasının TRİPP layihəsinin praktiki icrasına start verilməsindən qaynaqlandığını düşünmək olar.
Lakin İrandan fərqli olaraq, Rusiyanın TRİPP layihəsini regional maraqlarına uyğunlaşdırmaq ümidləri qalır.
Birincisi, Moskva bu layihəyə ABŞ-la anlaşmaq imkanı olaraq baxır: Vaşinqtonun Cənubi Qafqaza daxil olması üzərindən Ukrayna məsələsində siyasi bazarlıq etmək ssenarisi aktuallığını itirməyib;
İkincisi, regionda nəqliyyat xətlərinin Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə də birləşdirilməsi perspektivləri var və Rusiya bundan bölgədəki maraqlarını qorumaq üçün istifadə edə bilər;
Rusiyanın əsas üstünlüklərindən biri də Ermənistan dəmir yollarını idarə etməsidir. İstisna deyil ki, Rusiya dəmir yolu məsələsində müəyyən güzəştlər qarşılığında TRİPP layihəsində iştirak, yaxud layihənin də daxil olduğu regional kommunikasiyada pay əldə etməyə - bura siyasi maraqların təmin edilməsi də daxildir - çalışır. ABŞ-ın sülh missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounun noyabrın 25-də verdiyi açıqlama bu kontekstdə diqqət çəkir.
Laytstoun bildirib ki, Ermənistanın dəmir yolu şəbəkəsinin müqavilə ilə Rusiya tərəfindən idarə olunması TRİPP layihəsinə təsir göstərəcək, lakin bu təsirin müsbət və ya mənfi olacağı hələ məlum deyil. Qeyd edib ki, Rusiyanın dəmir yolunu idarə etməsinin TRİPP layihəsini tamamlamağa və uğurlu olmasına töhfə verə biləcəyi ssenariləri də var, yaxud maneə törətmədən müstəqil fəaliyyət göstərə biləcəyi ssenariləri də.
Bu, ABŞ-ın TRİPP layihəsində, yaxud regional kommunikasiyalarda Rusiya ilə işləmək imkanından tamamilə imtina etməməsi deməkdir. Moskva da TRİPP xəbərdarlığı ilə ABŞ-a “maraqlarımız nəzərə alınmasa, layihə işləməyəcək” təhdidini edir. Və bu, təhdiddən daha çox, anlaşmaq – maraqlarının nəzərə alınması üçün əlinin güclü olduğunu nümayiş etdirməyə bənzəyir. Bu baxımdan, layihədə Tramp Administrasiyası ilə anlaşmaq imkanlarını dəyərləndirən Moskva buna nail olarsa, Tehranın maraqlarını nəzərə almayacaq.
Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib