Əvvəlcə qatar aldıq, yolunu isə indi çəkirik? - Ekspert

08:34 - 15 İyun 2024 - GÜNDƏM

 Əvvəlcə qatar aldıq, yolunu isə indi çəkirik? - Ekspert

Bilmirəm, o qatarların işləməyəcəyi haqda fikri kim səsləndirib. Tələb çoxdur, sadəcə, bizim o sürətə uyğun yollarımız çox deyil.

Bu sözləri BUTA.TV-a nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ölkəyə gətirilən yeni tipli qatarlar üçün dəmir yolları infrastrukturunun olmaması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu istiqamətdə çox işlər görülüb, hazırda yolların sağlamlaşdırılması yönündə mərhələli şəkildə fəaliyyət davam edir:

“Qərb istiqamətində aktiv hərəkətlilik var. Bakı-Ağstafa, Bakı-Qəbələ istiqamətində bu vaxta kimi yalnız həftə sonları reys təşkil edilirdisə, düşünürəm ki, yeni qatarlar gəldikdən sonra bu, gündəlik olacaq. Bakı-Qəbələ reysində artım keçən ildən bu yana 20 faiz olub. Şimal istiqamətində iki ildir əsaslı təmir-modernləşdirmə, sağlamlaşdırma işləri gedir. Düşünürəm, bu ilin axırına kimi bitəcək və çox güman ki, gələn il Şimal istiqamətində də bu növ qatarlar istifadə olunacaq”.

Ekspertin sözlərinə görə, ilin sonunda ölkəyə bir neçə elektrik qatarı gələcək və onların işlək halda olması üçün mühüm işlər görülür:

“Hələlik dörd dizel qatarı gəlib. Bu ilin axırına 6 elektrik qatarı da gəlməlidir. Onlar da xəttə buraxılacaq. Yevlax-Balakən dəmir yolu yaxın iki il ərzində əsaslı təmir olunacaq. Çünki 39 ildir əsaslı təmir olunmurdu. İşlər bitəndən sonra yeni növ qatarlar o xəttə buraxılacaq. Məhz yeni dörd dizel qatar Yevlax-Balakən, Yevlax-Xankəndi, İmişli-Horadiz istiqaməti üzrə hərəkət edəcək. Elektriklənməmiş sahələrdə dizel qatarları hərəkət edəcək. Yaxın illərdə isə fərqli istiqamətə, sürət rejiminə əməl olunan yollara bu növ qatarlar buraxılacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol