Dəhşətdir: Qətlə yetirilən azərbaycanlı polislərin sayı 3 deyil

14:02 - 25 İyun 2024 - GÜNDƏM

 Dəhşətdir: Qətlə yetirilən azərbaycanlı polislərin sayı 3 deyil

Bazar günü axşam Dərbənd və Mahaçqalada terror hücumu zamanı polis və mülki şəxslərin ölümünü görə sarsıldıq, səhərisi isə daha bir dəhşət yaşadıq – Şüvəlanda 3 polisimiz sübh tezdən qətlə yetirildi.

Dərbənddəki hadisələri həyəcanla izləyirdik gecə boyu. Mahaçqalaya dərhal xüsusi təyinatlılar yeridilsə və terrorçular zərərsizləşdirilsə də, Dərbəndlə bağlı Dağıstan DİN “hələ dəqiq məlumat yoxdur” sözü ilə kifayətlənirdi.

Gecə yarı isə bəlli oldu ki, Dərbəndə yardıma qaçan Dağıstan İşıqları Polis İdarəsinin rəisi Mavludin (Mövluddin) Xıdırnəbiyev öldürülüb. Fotoları yayıldı – gənc, tipik bir azərbaycanlı obrazı. Bəzi Teleqram kanalları Xıdırnəbiyevin Dərbənddən olduğunu, terakt xəbərini eşidən kimi doğma şəhərinə köməyə getdiyini bildirir.

Bu gün yayılan məlumat daha sarsıdıcıdır: 24 yaşlı polis serjantı Həbib Əliyev aldığı yaralardan ölüb. Dağıstan DİN-in yaydığı açıqlamaya görə, onun gizlənmək imkanı da olub – bir sakin qapını açıb və ona öz evində gizlənməsi üçün şərait yaradıb. Həbib isə arxasınca gələn terrorçuların ev sahibinə xətər yetirə biləcəyini düşünərək, “onsuz da məni öldürəcəklər, sən evə gir, sus və gizlən” deyib.

Tanış gəldimi bu mənzərə? Şüvəlanda anasını özünə “canlı qalxan” etdiyinə görə silahlarını yerə qoyub, əllərini qaldıran 3 polisimizi göz önünə gətirdinizmi?

Eyni xarakterdir – həm Dərbənddə, həm Mahaçqalada, həm də Şüvəlanda!

Eyni azərbaycanlılardır, eyni düşüncədədirlər!

Dərbənd və Mahaçqalada 16 polisin öldüyü rəsmən təsdiqləndi, onların ad-soyadı tam açıqlanmayıb. Rəsmi olaraq yalnız iki polis haqda məlumat yayılıb – Dağıstan İşıqlarının polis rəisi Xıdırnəbiyev və bu gün xəstəxanada ölən Əliyev...

Görəsən, ölən 16 polisin içərisində daha nə qədər azərbaycanlı var? Görəsən, yaralanan 27 polisdən (ən azı) neçəsi azərbaycanlıdır?

23-24 iyunda neçə azərbaycanlı polis özünü fəda etdi, terror gülləsinə tuş gəldi, yaralandı və indi canı ilə əlləşir?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol