ABŞ və İran rəsmiləri arasında danışıqların birbaşa və ya vasitəçilər üzərindən aparılması ikinci plandadır. Əsas məsələ prosesin mahiyyəti və məqsədləri ilə bağlıdır. Məlumdur ki, İranda dini rəhbərin icazəsi olmadan birbaşa danışıqlara yol verilmir. Bu səbəbdən danışıqlarda Oman vasitəçilik edir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd Tehrandakı qərarvermə mərkəzi ilə məsləhətləşməyə vaxt qazanmaqdır. Danışıqlarda ABŞ üçün İranın regional siyasəti və nüvə proqramı kimi əsas prioritetlər mövcuddur:
“Regional məsələlərdə ABŞ artıq müəyyən uğurlar əldə edib. Livanda Hizbullah, Qəzzada HƏMAS-ın infrastrukturu dağıdılıb, Suriyada isə İranın mövcudluğu minimuma endirilib. Hazırda əsas diqqət İraqdakı şiə milisləri və Yəməndəki husilərə yönəlib. ABŞ bu sahədə üstün mövqeyə malikdir və əsas məqsəd İranın bu qüvvələri maliyyələşdirməsini dayandırmaqdır”.
Nüvə proqramına gəldikdə isə politoloq xatırladıb ki, ABŞ vaxtilə bu sahədə əldə olunmuş razılaşmadan birtərəfli qaydada çıxıb:
“Avropa ölkələri hələ də razılaşmada qalır və onlar ABŞ-ın müttəfiqləridir. ABŞ çalışacaq ki, ya müttəfiqləri vasitəsilə, ya da birbaşa İranla yeni razılıq əldə etsin. Lakin bu, çətin məsələdir. İran nüvə proqramından geri çəkilmək niyyətində deyil. İsrail isə hesab edir ki, İran yaxın gələcəkdə nüvə silahı əldə edə bilər. Buna görə də ABŞ elə qərarlar qəbul etməlidir ki, İranın nüvə proqramı bir neçə il geriyə atılsın”.
Politoloqun fikrincə, hazırkı mərhələdə razılaşmaya nail olmaq çətin görünür və istisna deyil ki, İranın nüvə proqramı hədəf alınsın.
Məmmədov əlavə edib ki, bu proseslərin Cənubi Qafqaz və Azərbaycan üçün də müəyyən təsirləri ola bilər:
“Amma İrana qarşı zərbələr endirilsə belə, bu, ölkədə humanitar böhran və ya kütləvi qaçqın axınına səbəb olmayacaq”.
Politoloq hesab edir ki, yaranmış gərginlik Azərbaycan üçün arzuolunan olmasa da, onun azaldılması Bakı üçün yeni imkanlar yarada bilər:
“İran çətin vəziyyətdə olduğu üçün daha konstruktiv mövqe tutmağa məcbur olacaq. Əgər sanksiyaların bir hissəsi ləğv olunsa, bu, İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yarada bilər”.
- Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
- Bakıda 4-cü sinif şagirdi itkin düşdü - FOTO
- 32 yaşlı operatora iynə vurulduqdan sonra öldü
- “Onu deyən adamlar...” - Ziya Məmmədovdan onu tənqid edənlərə SƏRT MESAJ
- Anarın “uçan taksi”si və DİN-in qəribə çağırışı...
- Prezident nəvələri ilə idmanda - FOTO
- Trampdan Rusiya ilə bağlı sərəncam
- Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat