Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dollar/unsiyadan yuxarı qalxıb. Bu, cəmi iki il əvvəl 2000 dollardan aşağı satılan qiymətli metal üçün əhəmiyyətli dönüş nöqtəsidir.
İlin əvvəlindən qızılın qiyməti 50% artıb. Bu, ötən əsrin 70-ci illərinin sonundan bəri ən yüksək nəticədir. Bu gün spot qiymətlər gün ərzində demək olar ki, 2% bahalaşır.
Qiymətli metal 200 günlük hərəkətli ortalamadan 21% yuxarı ticarət edilir. Bu, son dərəcə nadir səviyyədir.
Qızıldan əldə olunan gəlirlər artıq səhmlərdən qazancları belə üstələyib. İlkin rəylərə əsasən, artım qlobal ticarətdə yeni tariflərin tətbiqindən, FES-in qərarlarından, ABŞ-da maliyyə sabitliyi ilə bağlı qeyri-müəyyənlikdən, eləcə də Fransa və Yaponiyada siyasi böhrandan qaynaqlanır.
Tarixi yüksəkliklər fonunda institusional və beynəlxalq investorların qızılın qiyməti ilə bağlı fərqli proqnozları var.
“BMO Capital Markets” 2025-ci ilin dördüncü rübü üçün qızılın qiyməti ilə bağlı proqnozunu 8% artırıb. Kanada bankı qiymətli metalın ilin son üç ayında 3900 dollar ətrafında dəyişəcəyini gözləyir.
Bəzi analitiklərin isə 2026-cı il üzrə qızılın qiyməti ilə bağlı proqnozları fərqlidir. Qiymətli metalın 4400 dollar, hətta 5000 dollar səviyyəsinə çatacağını irəli sürürlər. Buna hətta investorların düşündüyündən daha tez nail olunacağını proqnoz edənlər də var.
“Goldman Sachs”a görə, qızılın qiyməti 2026-cı ilin sonuna qədər bir unsiya üçün 4900 dollara çata bilər.
Qızıl bazarı Divaliyə hazılaşır
Dünyanın ən çox qızıl istehlak edən ölkələrindən sayılan Hidistanda qiymətli metal satışlarının kütləviləşdiyi Divali bayramı yaxınlaşır. Yəni COMEX əmtəə birjasında bugünkü 0,10 faiz azalma davamlı olmaya bilər.
Oktyabrın 18-də keçiriləcək Divali bayramının bazara əhəmiyyətli təsir göstərəcəyi şübhəsizdir. Çünki adətən pərakəndə alıcılar illik qızıl tələbinin təxminən 20%-ni istehlak edirlər. Divalı ərəfəsində qızılın alışı o qədər yüksək olur ki, bu dövriyyə birjalarda orta hesabla 10, bəzən isə 31% dalğalanma yaradır.
Digər tərəfdən Federal Ehtiyat Sisteminin faiz siyasətini daha da yumşaldacağına dair gözləntilər də qızıla tələbatı artırır. Nəzərə almaq lazımdır ki, bazar iştirakçıları tənzimləyici orqanın oktyabrın son iclasında 25 faiz bəndi endirimə getmə ehtimalını 92,5% səviyyəsində qiymətləndirirlər.
Bundan əlavə dünyada de-dollarizasiya prosesi gedir.
ABŞ dollarından asılılığını azaltmağa çalışan inkişaf etməkdə olan iqtisadiyyatlar böyük həcmdə qızıl alışları reallaşdırırlar. “J.P.Morgan”ın 2025-ci ilin iyul hesabatına görə, dollar hələ də dominant mövqeyini qoruyub saxlasa da, daha çox ölkənin milli valyutalarda hesablaşmalara keçməsi bu valyutanın iqtisadiyyatlarda rolunu getdikcə azaldıb. Ən böyük dollar ehtiyatlarına sahib Çin 2025-ci ilin iyulunda ABŞ xəzinədarlıq sövdələşmələrini 730,7 milyard dollara qədər azaldıb ki, bu da 2008-ci ildən bəri ən aşağı göstəricidir. Bir ay ərzində Pekin 25,7 milyard dollarlıq istiqraz satıb. Əvəzində ölkə qızıl toplayıb. Çinin qızıl ehtiyatları bu ilin avqustunda 2300,4 tona çatıb. Çin eləcə də xarici ticarət əməliyyatlarının 50%-dən çoxunda yuanın istifadəsini təşviq edib.
Qızıl ehtiyatları artıb
Əslində, son bir ildə bazarda rallinin təməlinin mərkəzi banklar tərəfindən qoyulması fikirləri həqiqətə daha yaxındır.
Dünya Qızıl Şurasının məlumatına görə, qızıl ehtiyatlarının ümumi həcmi 36,359 min ton təşkil edir. Ən çox qızıl ehtiyatına ABŞ sahibdir – 8133,5 ton. Sonrakı sıralama aşağıdakı kimidir:
2. Almaniya – 3350,3 ton
3. Beynəlxalq Valyuta Fondu – 2814,0 ton
4. İtaliya – 2451,9 ton
5. Fransa – 2437 ton
6. Rusiya – 2329,6 ton
7. Çin – 2300,4 ton
8. İsveçrə – 1039,9 ton
9. Hindistan – 880 ton
10. Yaponiya – 846 ton
11. Türkiyə – 637,1 ton
12. Niderland – 612,5 ton
13. Polşa – 515,3 ton
14. Avropa Mərkəzi Bankı – 506,5 ton
15. Tayvan – 423,9 ton
Ralli sükunətlə nəticələnə bilər
Türk ekspert Əmrə Şirin hesab edir ki, hazırda proses fərdi investorlar tərəfindən davam etdirilir. Qiymətli metal bazarında növbəti mərhələni də onlar idarə edəcəklər:
“Uzun müddətdir qeyd edirik ki, dəyərli metalların önü açıqdır. Bu bazarda bahalaşma davam edəcək. FES faiz dərəcələrini qarşıdakı müddətdə də endirəcək. Belə halda qızılın qiyməti ilə bağlı pozitiv siqnallar artacaq”.
Maliyyə üzrə analitik İslam Məmişə görə, qızılın qiyməti özündə iki əsas faktoru daşıyır - müharibə və çöküş:
“Hazırda siyasi və iqtisadi arenada qızılın 400 dollar bahalaşmasına təsir göstərən ciddi faktorlar mövcud deyil. Qızılın dəyərindəki aqressiv artım “köpükdür”. Yəni bir ölkə başqalarına yüksək qiymətə məhsul satır. Maliyyədə belə bir anlayış var. Bir məhsulun dəyəri azalanda alıcı çoxalır. Yüksəldikdə isə satıcı”.
“Saxo Capital Markets Pte”nin strateqi Çaru Çanana isə qızılın dəyərinin 4000 dollardan yuxarı qalxmasını bazarda təkcə investorların ajiotajından deyil, portfelin yenidən bölüşdürülməsindən qaynaqlanması ilə əsaslandırır.
“ABC Refinery”nin institusional bazarlar üzrə rəhbəri Nikolas Frappelə görə, qızıl dolların zəifləməsi, ABŞ hökumətinin bağlanması ilə bağlı siyasi vəziyyət və ümumi geosiyasi qeyri-müəyyənlik ilə bağlı narahatlıqlardan faydalanır. Onun fikrincə, qızıl bazarının perspektivi nikbin olaraq qalır.
“Voll Strit” (Wall Street) isə investorları ehtiyatlı olmağa çağırır. “Bank of Amerika” da rallinin sükunətlə nəticələnəcəyinə dair xəbərdarlıq edir.
Xatırladaq ki, “Bank of Amerika” bu ilin yanvarında bir unsiya qızılın 4,000 dollar təşkil edəcəyini irəli sürən ilk maliyyə qurumudur. Bankın analitikləri iddia edirdi ki, buna nail olmaq üçün investisiya tələbində orta dərəcədə artım kifayət edəcək.
Bankın texniki analitiki Paul Çiana iddia edir ki, artım əhəmiyyətli dərəcədədir. Lakin bir sıra texniki siqnallar yüksəliş trendinin tükənməsi barədə xəbərdarlıq edir. Əgər bu təsdiq olunarsa, dördüncü rübdə konsolidasiya və ya korreksiya baş verə bilər.
Onun sözlərinə görə, risklərin idarə edilməsi strategiyası indi dayanacaqların sərtləşdirilməsini, mövqelərin hedcinq edilməsini və ya qismən mənfəət əldə etməyi nəzərdə tutur:
“Qızıl onilliklər ərzində ən güclü yüksəliş dövrünü yaşayır, lakin həddindən artıq istiləşmə əlamətləri üfüqdə getdikcə daha çox görünür. İnvestorlar texniki siqnalları yaxından izləməli, artımlarda mümkün fasilələlərə hazır olmalıdırlar”.
Tarixi paralellər də göstərir ki, qızılın dəyərində kəskin artımlar sonradan itkilərə gətirib çıxırarır.
1970-1980-ci illərdə qızılın qiyməti 1725% artsa da, sonradan uzunmüddətli azalma yaşandı. Dəyər itkisi 60%-ə yüksəldi.
Bundan başqa, 1999-2011-ci illərdəki ralli 640% qazanc verdi. Lakin 2015-ci ilə qədər bazar 38% daralaraq ayı fazasına daxil oldu.
2015-ci ildən 2020-ci ilə qədər qızılın dəyəri 85% artdı, 2022-ci ildə qiymətlərdə 15% korrektə yaşandı. Sonradan daha 130% qazanc qeydə alındı.
Cari yüksəliş dövrü 2015-ci ildən sonra müşahidə olunan dinamikanı təkrar edərsə, qızılın unsiyası 5000 dolları keçə bilər. Nəzəri olaraq 7000 dollara da yaxınlaşa bilər.
Qiymətlərdə mümkün azalmalar da istisna deyil.
Analitiklərin fikrincə, qızıl 3790 dollara düşə bilər. Daha dərin korreksiya şəraitində qiymətli metalın unsiyası 3525 dollar olacaq.
Qızıl/dollar tandemi
Dolların ABŞ-ın vahid pul vahidi kimi təsis edilməsindən bəri qızılın bu valyutaya münasibətdə dəyəri Ağ Ev tərəfindən sikkə istehsalı haqqında qanunvericilik çərçivəsində direktivlə müəyyən edilir. 1796-1834-cü illərdə qızılın qiyməti 1 troy unsiya üçün təxminən 19,5 dollar idisə, 1834-cü ildə 20,67 dollara yüksəldi. 1933-cü ildə Böyük Depressiyadan sonra Amerika hakimiyyəti qızıl pul dövriyyəsindən imtina etmək və bu metalın özəl investorlara satışını qadağan etmək qərarına gəldi. Qiymətli metal 35 dollara qədər bahalaşdı. Bu, nisbəti II Dünya Müharibəsindən sonra kapitalist ölkələrinin maliyyə həyatının əsasını təşkil edən “Bretton Woods” pul sisteminin əsasını təşkil edirdi. Sistem dolları qızıla çevrilə bilən dünyanın ehtiyat valyutası kimi nəzərdə tuturdu.
1968-ci il martın 17-də yeddi ölkədə - ABŞ, Böyük Britaniya, Belçika, Almaniya, İtaliya, Niderland və İsveçrədə öz funksiyalarını yerinə yetirən mərkəzi bankların və qurumların rəhbərləri iki paralel qızıl məzənnəsi yaratmaq qərarına gəldilər. Beynəlxalq səviyyədə qızılın troy unsiyası 35 dollar səviyyəsində qaldı. Bununla belə, metalın kommersiya qiyməti demək olar ki, dərhal 10% artaraq 40 dollara çatdı. 5 avqust 1971-ci ildə ABŞ Prezidenti Riçard Nikson dolların qızıla konvertasiyasının başa çatdığını elan etdi. Bu, “Bretton Woods” sisteminin sonu oldu və kommersiya məzənnəsi yeganə valyutaya çevrildi.
1973-cü il mayın 15-də qızılın bir unsiyası tarixdə ilk dəfə 100 dolları ötdü. Sonradan neft böhranı fonunda qiymətlər 150 dollar səviyyəsində sabitləşdi.
1979-cu ilin dekabrında SSRİ-nin Əfqanıstana qoşun yeritməsiylə qızılın dəyəri 500 dolları keçdi. 1980-ci ildə artıq qızılın unsiyası 711 dollar (inflyasiya nəzərə alındıqda 2025-ci ilin qiymətləri ilə bu, 2700 dollardır) idi.
Bütövlükdə, 2000-ci illərin birinci yarısında treyderlərin qızıla marağı aşağı idi. Hətta 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktları da qiymətlərdə ciddi artıma səbəb olmadı. 2007-ci ildə qlobal maliyyə böhranı başladı və bu yenidən qızıla marağı artırdı. Geosiyasi qeyri-müəyyənlik, o cümlədən Yaxın Şərqdəki qeyri-sabitlik və mərkəzi bankların qiymətli metallara artan tələbi 2023-cü ilin noyabrında başlayan qiymət artımının yeni mərhələsinin əsas hərəkətverici qüvvəsi oldu.
2024-cü ilin 20 avqustda qızılın bir troy unsiyası tarixdə ilk dəfə 2500 dollardan çox dəyər qazandı. Donald Trampın elan etdiyi ticarət müharibəsi və yeni rüsumların tətbiqi səbəbindən qızılın qiyməti artmağa davam etdi. Bu ilin aprelin 22-də qızıl 3500 dollarlıq yeni rekorda çatdı. May və iyun aylarında qızılın orta qiyməti 3250 dollar ətrafında sabitləşdi. Avqust ayında dolların zəifləməsi və ABŞ Xəzinədarlıq istiqrazları üzrə gəlirlərin azalması səbəbindən qızıl qiymətləri yenidən yüksəlməyə başladı. Sentyabrın 6-da qızılın unsiyası 3600 dollar, sentyabrın 15-də 3700 dollar, sentyabrın 29-da isə 3800 dollar həddinə çatdı. 2025-ci il oktyabrın 1-də ABŞ-də hökumətin bağlanması ilə qızıl ilk dəfə olaraq 3900 dollara qədər bahalaşdı.
- Yaşar Gülər Kərim Vəliyevlə birgə təlimi izlədi - Video
- Azərbaycan hərbçiləri Özbəkistana yola düşdü
- İlham Əliyev və Putinin müdrikliyi onların planlarını məhv etdi...
- Bakıda mühüm üçtərəfli görüş: Müqavilə...
- Azərbaycan bu prinsiplərinə sadiqdir - Deputat
- TRİPP Zəngəzuru Azərbaycana bağlayacaq - Zurabyan
- Qızılın yeni qiyməti “köpükdür”, yoxsa reallıq?
- Azərbaycandan dünyaya açılan enerji... - Kalın