Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Mobil və elektron cihazlar dedikdə səsli və görüntülü rabitə, internetə çıxış, məlumatın emalı, saxlanılması və ötürülməsi, oyunların oynanılması, habelə multimedia funksiyalarının icrası üçün istifadə olunan mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər analoji daşına bilən elektron qurğular nəzərdə tutulur. Mobil və elektron cihazlardan istifadəyə dair tələblərə gəlincə, təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağandır. Şagird məktəbə elektron telefon gətirdiyi təqdirdə, məktəb tərəfindən ayrılan xüsusi yerə təhvil verəcək və tədris prosesinə elə qoşulacaq.
Mövzu ilə bağlı təhsil eksperti BUTA.TV-a açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində mobil telefonların, smartfonların istifadəsinin faydası ilə yanaşı, zərəri daha çoxdur:
“Hazırda, xüsusilə də ümumtəhsil məktəblərində oxuyan azyaşlı uşaqlarda elektron telefonlara, elektron cihazlara maraq daha yüksək səviyyədə olduğuna görə bu, həm təhsilin keyfiyyətini pozur, həm də müəyyən qədər müəllimin imicinə zərər gətirir.
Çünki şagird sinifə telefonla daxil olduğu təqdirdə müəllimin hər hansı dərs izahını çəkə bilər və yaxud da tədris prosesində gedən hər hansı video kadr qeydə alına bilər, sonra isə sosial platformalarda paylaşıla bilər. Bu da istər-istəməz müəyyən qədər müəllimin nüfuzuna xələl gətirmiş hesab oluna bilər. Bununla yanaşı, şagirdlər arasında hər hansı problem və yaxud da bullinq kimi halların lentə alınması, kadrlaşdırılıb sonra sosial platformalarda paylaşılması kimi hadisələrin olmaması üçün bu kimi qabaqlayıcı tədbirlərin görülməsi əlbəttə təqdirəlayiq addımdır”.
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə yüzə yaxın ölkədə ümumtəhsil məktəblərində mobil telefonlardan istifadə tam olaraq qadağan edilib, bəzilərində isə müəyyən məhdudiyyətlər tətbiq olunub:
“Bunu qadağan edən ölkələrin özləri telefon istehsal edən ölkələrdir. Amerikanın özündə bir çox ştatlarda telefon qadağan olunub. İngiltərədə, Fransada, İtaliyada… Yəni söhbət inkişaf etmiş ölkələrdən gedir. Onlar artıq telefonun azyaşlı şagirdlərə nə qədər zərərli olduğunu rahat şəkildə müşahidə ediblər və buna görə də ümumtəhsil məktəblərində telefon istifadəsinə məhdudiyyətlər tətbiq ediblər.
Beynəlxalq təcrübədə, yəni adını çəkdiyim təhsildə inkişaf etmiş ölkələrdə telefon qadağasından sonra şagirdlərin bir-birləri ilə ünsiyyətinin daha çox olduğu qeyd olunur. Yəni şagirdlər artıq telefonu kənara qoyduqları vaxt rahat şəkildə bir-birlərinə sual verir, tədrisə olan maraqları artır. Artıq boş vaxtlarını telefonda keçirməyərək tədris prosesində, verilən tapşırıqlarda və yaxud sual-cavablarda keçirmələri şagirdlərin təhsil istiqamətində müəyyən qədər inkişaf etməsinə, təhsildən yayınmasının qarşısının alınmasına müsbət təsir göstərdiyi qeyd olunur”.
Ramin Nurəliyev şagirdlərin bir-birlərinə olan dialoqunun, ünsiyyətinin artmasını müsbət hal kimi qiymətləndirir:
“Hesab edirəm ki, bizdə də artıq zamanı idi. Həqiqətən də telefonun təhsilə verdiyi zərər ciddi şəkildə araşdırılıb və başqa heç bir amilin telefonun verdiyi zərər qədər mənfi təsir göstərdiyi qeyd olunmayıb. Ən çox verilən zərər, əlbəttə ki, telefondandır. Təəssüf ki, bizdə bu istiqamətdə valideynlər də çox diqqətsizdirlər. Xüsusilə də uşaqlara smartfon verilməsi valideynlər tərəfindən müəyyən qədər məhdudlaşdırılmalıdır.
Nəinki orta məktəb yaşında, hətta ibtidai sinifdə, məktəbəqədər təhsildə belə uşaqların əlində son model telefonları müşahidə edə bilirik. Ona görə də düşünürəm ki, bu istiqamətdə valideynlər də diqqətli olmalı, uşaqlarına smartfon verilməməsi üçün xüsusi təşəbbüslər göstərməlidirlər. Eləcə də məktəblərdə məktəb rəhbərliyi, sinif rəhbərliyi tərəfindən xüsusi nəzarət mexanizmi həyata keçirilməlidir. Ola bilər şagird iki telefon gətirə bilər, birini təhvil verib, digərini içəri keçirə bilər. Bu istiqamətdə ciddi yoxlama mexanizmi həyata keçirilməlidir. Məktəbin girişində mühafizə xidməti fəaliyyət göstərməli, xüsusi cihazların olması arzuolunandır.
Bununla yanaşı, xüsusilə də mən müəllimlərimizin də siniflərdə telefondan istifadə etməsini arzu etmirəm. Yəni müəllim var, şagirdlərə testləri paylayır, sonra oturub telefonla məşğul olur. Əslində bu, doğru deyil. Əgər biz şagirdə telefonu qadağan ediriksə, müəllim də buna nümunə olmalıdır. Müəllim də sinifdə dərs zamanı ona verilən planda nə varsa onu tədris etməlidir. Telefondan istifadə etməkdən yayınmalıdır”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
- MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edildi
- Hövsanda yeni ictimai çimərlik istifadəyə verildi
- "Sovetski" sakininin evi qanunsuz sökülüb? - Açıqlama
- Telefon qadağası müəllimlərə də şamil edilməlidir - Ekspert
- Peskov: Rusiya xaricdən yanacaq alacaq
- İslahatlar sosial müdafiə xidmətlərini daha əlçatan edib
- “Çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı”
- Prezident DTX-yə yeni səlahiyyət verdi