"Kral" şirkəti doğrudan da halal məhsul buraxırsa, normal monitorinqə şərait yaratsın" - İLGİNC AÇIQLAMA

19:22 - 4 Fevral 2023 - CƏMİYYƏT

Azərbaycanın bir neçə din xadiminin ötənlərdə “Kral” ət məhsulları şirkətində kolbasaları halal adıyla reklam etməsi diqqətlərdən yayınmadı. Və əksəriyyət tanınmış din xadimlərinin bu cür piarda yer almasını pislədi. Onlar belə bir fikri əsas gətirdilər ki, halal kolbasa olmur, bu tip ət məhsullarının tərkibinə mütləq donuz əti və ya piyi qarışdırılır.

Maraqlıdır, bəs görəsən, mütəxəssislər bu barədə nə düşünür? Ümumən kolbasa və sosiska kimi ət məhsullarının halallıq standartı nə ilə ölçülür?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, belə məhsullara halal sertifikatı verilməsi üçün bir çox amillər nəzərə alınmalıdır:

“Mən 2013-cü ildə İstanbulda keçirilən Dünya Halal Konqresində iştirak etmişəm. Ora dünyanın 53 ölkəsindən din xadimləri və alimlər toplaşmışdı. Üç gün ərzində bu məsələlər müzakirə olundu, xüsusən ət məhsullarının halallıq məsələsi. Amerikadan olan bir dindar teoloq-alim çıxış edərək, kolbasanın tərkibinə qatılan inqridiyentlər məsələsinin mübahisəli olduğunu dedi. Türkiyənin Avropa naziri də dedi ki, bir ildə istehlakçılar təkcə halal mallara 3 trilyon dollar pul verirlər.

Bu xəbər hal-hazırda çox oxunur
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

Mən özüm Cənubi Afrikanın xristian hissəsində, bir çox xristian, qeyri-müsəlman ölkələrində halal mal satıldığını görmüşəm. Halal mallara bütün dünyada üstünlük verilir. Bu, ekoloji təmiz mal hesab olunur. Mən o konqresdə dedim ki, müsəlman aləmi təkcə halal malı ilə dünyanı zəbt edə bilər. Çünki halal mallara hər yerdə üstünlük verilir, qeyri-islam ölkələrində belə. Və halal malın bu qədər unikal və qeyri-adi, ekoloji təmiz olması halal sertifikatının verilməsində böyük mübahisələrə səbəb olur.

Dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda olan bir neçə cəmiyyətlər, özlərini halal sertifikat verməyə hazır bilən insanlar bir çox müəssisələrə halallıq sertifikatı verirlər. Təəssüf ki, illər boyu bu, böyük pul müqabilində baş verib. Ona görə də AİB 7 il bundan öncə bu məsələni qaldırdı və “Azsert halal” deyilən bir müəssisə yaradıldı. Və biz müəssisələrə halal sertifikatının verilməsindəki rüşvət amilini yox etdik. Bunun kollegial verilməsini, yəni dini idarənin, “Azsert halal”ın mütəxəssislərinin, AİB-in istehlakçı hüquqlarını qoruyan bir təşkilat olaraq iştirakı məsələsini qoyduq ortalığa, protokol imzaladıq. Beləliklə, bir neçə müəssisəyə belə sertifikatlar verildi. Lakin ondan sonra bunlara demək olar ki, nəzarət olmadı. Və indi mən hətta vaxtilə öz imzamla verilən protokolları olan müəssisələrin də halal mal buraxdığına inanmıram”.

Ölkədə halal kolbasa və ət məhsulları istehsal edilib-edilməməsinə gəlincə, ekspert bildirir ki, halal istehsalla məşğul olan müəssisələr mövcuddur:

“Kolbasanı və sosiskanı donuz əti olmadan da istehsal etmək olar. Birmənalı şəkildə onun nümunələri də var. Lakin donuz əti məsələsi halallıq tələblərinin çox kiçik bir hissəsidir. Keçən ilin sonunda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzdində olan Standart İnstitutunda, – mən orda texniki şuranın üzvüyəm, – halal sertifikatının verilməsinə dair məsələ müzakirə olundu. AİB-nin dünya təcrübəsindən öyrəndiyi məsələlər dinlənildi.

Mən həmin texniki şurada halal mallarla bağlı təkliflər verdim. Sonra yenidən toplaşmalı və standartı qəbul etməli idik. Lakin üstündən bir ay keçmiş yenidən göndərdilər ki, təkliflərimiz Türkiyədə bəyənilməyib, başqa standart tələb olunur.

Mən axırıncı versiyanı da müzakirəyə qoydum. AİB olaraq bildirdik ki, halallıq təkcə donuz əti ilə bağlı məsələ deyil, burada çoxsaylı tələblər var. Hətta mən təklif etdim ki, yəhudilərin koşer standartının bəzi tələblərini də ora gətirmək lazımdır. Orda malların ekoloji təmiz olmasına dair çoxsaylı əhəmiyyətli anlar var. Mən koşer standartlarından bəzi məsələləri çıxardım, təkliflər verdim. Amma hələ ki, ölkədə son halal standart variantı yoxdur.

Mən institut tərəfindən hazırlanmış sonuncu standarta təkliflərimdə aşağıdakı məsələlər üzərində dayandım:

Birincisi, onurğasızların halal olub-olmaması məsələsi;

İkincisi, məsələn, zürafə həm gövşəyən, həm də qoşadırnaqlı heyvandır. Onun əti halaldır, yoxsa halal deyil? Bu məsələ də sual altındadır.

Üstəlik, AİB təklif verib ki, halal standartı ilə mal buraxan müəssisənin faizli bank krediti olmalı deyil. Çünki bu, müsəlman qaydalarına ziddir. Və bildirmişik ki, biz o müəssisələrin halal mal buraxmasına o halda inanacağıq ki, orda onlayn izləmə sistemi olsun. Yəni inancı olan insan dünyanın hər yerindən telefonu ilə izləyə bilsin ki, xammal hardan gətirilir, necə hazırlanır. Əgər eyni bir müəssisədə halal və haram mal buraxılırsa, onların kəsişmə nöqtələri olmamalıdır, işçilər, avadanlıqlar və s. baxımdan.

Təəssüflər olsun ki, mənim halalla bağlı çoxsaylı çıxışlarıma bəzi dindarlardan etiraz da var. Məsələn, mən demişəm ki, halal standartında nəzərdə tutulub ki, heyvanlar üzü qibləyə kəsilməlidir, onu kəsən müsəlman olmalıdır, “bismillah” sözü ilə başlamalıdır və s. Elşad Miri isə bunu yanlış adlandırır. Deyir ki, heyvanlar üzü qibləyə kəsilməsə də olar. Görürsünüzmü, halal standartının yerinə yetirilməsi üçün çoxsaylı amillər var və mənim verdiyim təkliflər hələ yeni qəbul olan standartlara daxil edilməyib. Lakin mən mübarizə aparacam ki, bu kimi məsələlər həll olunsun”.

Eyyub Hüseynov hacıların “Kral” müəssisəsindəki reklam xarakterli görüntülərinə isə belə münasibət bildirib:

“Kolbasanın istehsalında çoxsaylı inqridiyentlərdən istifadə olunur, ora müxtəlif kimyəvi maddələr qatılır. Bu kimyəvi maddələrin mənbəyi hardandır, onlar halal hazırlanırmı? Necə gətirilir? Hansı əllərdən keçir? Bunlar hamısı sual altında olan məsələlərdir. Lakin bir də qeyd edirəm ki, kolbasa və sosiska məmulatlarını donuz əti vurulmadan da hazırlamaq olar və Azərbaycanda bu cür istehsal müəssisələri var.

AİB mütəxəssisləri müəyyən vaxtlarda gedib bəzi müəssisələrdə halal məhsullarla bağlı monitorinqlər edirlər. Aldığı ətin mənbəyi halal olanlar müəyyən edilir, digər inqridiyentlərə də fikir verilir, qeyri halalla halal arasındakı kəsişmələr ayırd edilir. Elə müəssisələr də var ki, xammalı heç yerdən almır, yerli heyvanlardan kəsir.

Məlumat üçün onu da deyim ki, kolbasa məmulatlarının ət hissəsinin əsas mənbəyi Hindistandır, orada halal kəsim mövcuddur. Amma görək o hacıların həmin sexdə gördüklərindən başqa arxada gedən proseslərdən xəbəri varmı?! Həmin müəssisədə dediyim amillərdə nə dərəcədə şəffaflıq var, onun maliyyə mənbələri necədir, inqridiyentlər hardan və necə gətirilir – bunlar hamısı sual altında olan məsələlərdir.

Əgər “Kral” ət məhsulları doğrudan da halal məhsul buraxırsa, onda elə bir şərait yaratsın ki, orda istehlakçı təşkilatları, KİV nümayəndələri normal monitorinq keçirə bilsinlər. Onlar öz maliyyə mənbələrini açıqlasınlar. Görək bank kreditləri, borcları yoxdur ki? Onlayn izləmə sistemi varmı? Və yalnız bu hallar, şəffaflıq olarsa, əlbəttə, halallığını təsdiq etmək olar”.

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol