Ukraynanın ABŞ-dəki keçmiş səfiri Olqa Stefanişina Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAP) ona qarşı irəli sürdüyü 13.9 milyon qrivnalıq (təxminən 531 min AZN) qanunsuz varlanma ittihamlarını rədd edib.

BUTA.TV” “Azadlıq Radiosu”nun Ukrayna xidmətinə istinadla xəbər verir ki, sabiq diplomat heç bir rəfiqəsi və ya yaxını vasitəsilə mənzil almadığını, adıçəkilən daşınmaz əmlakın ona aid olmadığını bildirib.

“Bu mənzillər qətiyyən mənə məxsus deyil. Dostlarımın zarafat etdiyi kimi, qanunsuz varlanma sözü “var-dövlət”dən gəlir və bu, dövlətə xidmət etdiyim müddətdə qazanmadığım tək şeydir. Nə rəfiqəm Tatyana, nə valideynlərim, nə də hər hansı başqa şəxs üzərindən ev almışam. Məhkəməyə tam hazıram və bütün arqumentlərimi açıq şəkildə təqdim edəcəyəm”, – deyə Stefanişina vurğulayıb.

Xatırladaq ki, avqustun 3-də Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı səfir vəzifəsindən azad edib. Avqustun 5-də ona qarşı yeni ittiham elan olunub, avqustun 6-da isə məhkəmə sabiq səfər barəsində 6 milyon qrivna (təxminən 230 min AZN) məbləğində girov qətimkan tədbiri seçib. İttihama görə, Stefanişina 2025-ci ildə rəfiqəsi Tatyana vasitəsilə Kiyevin “Fayna Taun” yaşayış kompleksində iki mənzil alaraq təmir etdirib və valideynlərinin dəbdəbəli əmlakını bəyannaməsində gizlədib.