Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu
Türkiyənin yeni “İHA-300” hipersəs raketi 250 kilometrdən çox məsafədə yerləşən hədəfi dəqiq vurub.
BUTA.TV xəbər verir ki, bu barədə ROKETSAN müdafiə şirkətinin baş direktoru Murad İkinci jurnalistlərə məlumat verib.
O bildirib ki, hədəf Qara dənizin akvatoriyasında vurulub:
“Uçuş məsafəsi 300 kilometrədək olan bu “hava-yer” tipli hipersəs raketləri sayəsində Türkiyə Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Biz bu istiqamətdə işlənib hazırlanan məhsulların siyahısını genişləndirməyi hədəfləyirik”.
O qeyd edib ki, yeni raketlərin həm hərbi təyyarələrin, həm də zərbə tipli pilotsuz uçuş aparatlarının silahlanmasına daxil edilməsi planlaşdırılır.
ROKETSAN-ın baş direktoru həmçinin 1000 kilometrdən çox məsafədəki hədəfləri vurmaq imkanına malik digər Türkiyə ballistik raketi olan TAYFUN Blok-4-ün yaxın zamanda seriyalı istehsalına başlanacağını açıqlayıb.