Rusiyanın yeni reaktiv PUA-ları - "Geran-5" əvvəlki modellərdən əhəmiyyətli dərəcədə üstündür və aviamüharibənin xarakterini dəyişir.

BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da yayımlanan məqalədə qeyd olunur.

Məlumata görə, bu yeni dronların kütləvi şəkildə istifadəsi Ukrayna rəsmiləri və istehsalçıları üçün gözlənilməz olub:

"Moskvanın daha zəif “Geran-3” pilotsuz uçuş aparatlarına üstünlük verəcəyi güman edilirdi. Bu dron saatda təxminən 300 kilometr sürət yığa bilir. Lakin Rusiya daha sürətli və uzaq məsafəyə uça bilən “Geran-4” və “Geran-5” modellərindən istifadə etməyə başlayıb. Reaktiv “Geran-5” saatda 600 kilometrədək sürətlə uça, 90 kiloqramlıq döyüş başlığı daşıya və 1000 kilometrədək məsafə qət edə bilir".

Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov bildirib ki, Rusiya operatoru dronu 2–5 kilometr yüksəkliyə qaldırır, hədəfi aşkar edir və kamera vasitəsilə qeydə alır. Bundan sonra “Geran” avtomatik şəkildə zərbə endirir.

Onun sözlərinə görə, hazırda demək olar ki, bütün reaktiv dronlar hədəfi ələ keçirmə sistemi ilə təchiz olunub.