Yəməndə İran tərəfindən dəstəklənən Ənsarullah (husi) üsyançı hərəkatı ilə ölkənin cənub-qərbindəki hökumət qüvvələri arasında gedən döyüşlər artıq daxili münaqişə deyil. Yəmən regional və beynəlxalq təhlükəsizliyə təhdid yarada biləcək bir əraziyə çevrilir.

BUTA.TV xəbər verir ki, bunu Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin baş naziri Şaya Möhsün əl-Zindani deyib.

"Husilərin hərbi əməliyyatlarının intensivləşməsi artıq yalnız Yəmən daxili silahlı münaqişəsi məsələsi deyil. Husilərin Tehrandan dəstəyi nəzərə alınmaqla eskalasiyası Yəməni regional təhlükəsizliyi və beynəlxalq maraqları təhdid edən bir platformaya çevirir", - deyə Zindani bildirib.

Bu kontekstdə Zindani əlavə edib ki, husilərin Səudiyyə Ərəbistanı ərazisinə hücumları Yəmənin Qırmızı dəniz sahilindəki döyüşlərindən ayrı tutula bilməz.