İtaliyada Baş nazirin müavini və xarici işlər naziri Antonio Tayaninin qadınların geyimi ilə bağlı açıqlaması siyasi qalmaqala səbəb olub.

BUTA.TV” BBC-yə istinadən xəbər verir ki, müxalifət siyasətçiləri onun sözlərinə etiraz olaraq mini ətəklərdə çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşır, 11 qadın senator isə etiraz aksiyası olaraq mini ətəklərdə Senata gedib.

Tayani sentyabrın 18-də keçirilən tədbirdə “gözə çarpan” qadınların etibarsız və xəyanətkar ola biləcəyini, daha uzun ətək geyinən və daha az diqqət çəkən qadınlarla evlənməyin daha yaxşı olduğunu deyib.

O, həmçinin cazibədar qadınların sevgililərini daha tez-tez dəyişə və onlara xəyanət edə biləcəyini, daha az diqqət çəkən qadının isə daha etibarlı və yaxşı ana ola biləcəyini bildirib.

Tayani bu fikirlərini siyasi seçimlə də əlaqələndirərək seçiciləri “daha uzun ətəkli ciddi bir qadın” və ya “playboy” olmayan kişi seçməyə çağırıb.

Tayaninin açıqlamalarından sonra müxalifət siyasətçiləri sosial şəbəkələrdə mini ətəklərdə çəkilmiş fotolar paylaşmağa başlayıblar.

Keçmiş Turin meri və “Beş Ulduz Hərəkatı”nın parlament üzvü Kiara Appendino mini ətəkdə fotosunu paylaşaraq Tayanidən “etibarlı” qadın və “yaxşı ana” olub-olmadığını soruşub.

Appendino bildirib ki, 2026-cı ildə nazirin qadınlara daha uzun ətək və daha az diqqətçəkən geyimdə olmalarını tövsiyə etməsinə imkan vermək olmaz.

Mərkəz-sol Demokrat Partiyasının nümayəndəsi Matilde Tura da mini ətəkdə fotosunu paylaşaraq qızına onu ətəyinin uzunluğuna görə mühakimə edən birini seçməməyi tövsiyə edəcəyini yazıb.

Qadınlara qarşı zorakılığa qarşı mübarizə aparan “Telefono Rosa” təşkilatı da Tayaninin sözlərini tənqid edib. Təşkilat qadının görünüşünə, geyiminə və davranışına müdaxilə edən yanaşmanın qəbuledilməz olduğunu bildirib.

Yaşıl və Sol Alyansının sözçüsü Fiorella Zabatta isə Tayaninin fikirlərini tənqid edərək onun “min illərlə geridə qaldığını” deyib.

Demokrat Partiyasının deputatı Alessia Morani isə etiraz edərək “Bu mağara adamlarından həqiqətən bezmişəm. Artıq bəsdir!” deyib.

Müxalifətdən 11 qadın senator da etiraz olaraq müxtəlif rəngli mini ətəklərdə Senata gedib.

Açıqlamaları geniş müzakirələrə səbəb olan Tayani üzr istəyib. Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində danışan nazir deyib ki, sözlərindən kimsə inciyibsə, buna görə üzr istəyir və qadınları incitmək niyyəti olmayıb.

Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"