“11 sentyabr terroru ilə heç bir əlaqəm olmayıb, onda 13 yaşım var idi” - Video
Video
Suriya Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda “Atlantik Şurası”nın keçirdiyi paneldə “Əl-Qaidə” ilə əlaqələri və 11 sentyabr terror aktları ilə bağlı sualları cavablandırıb.
“BUTA.TV”nun xəbərinə görə, panelin moderatoru qeyd edib ki, 2013-cü ildə “Əl-Nüsra Cəbhəsi”nin lideri olan və Əbu Məhəmməd əl-Culani adı ilə tanınan Əhməd əl-Şaraa “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirə sədaqət andı içib.
Ondan bu andı və həmin ideologiyanı açıq şəkildə rədd edib-etmədiyi soruşulub.
Əhməd əl-Şaraa sualı birbaşa cavablandırmayaraq bildirib ki, artıq keçmişdə qalmış çoxsaylı məsələlər var.
“25 il əvvəl baş vermiş məsələləri müzakirə etməyi məqsədəuyğun hesab etmirəm. O vaxt mən başqa yaşda idim və bölgədəki şərait fərqli idi”, – deyə Əhməd əl-Şaraa bildirib.
O, Suriya müharibəsi və Bəşər Əsəd rejiminə qarşı mübarizə dövründə baxışlarının dəyişdiyini də deyib.
11 sentyabr terror aktları ilə bağlı suala isə Əhməd əl-Şaraa qəti cavab verib.
“Mənim bununla heç bir əlaqəm olmayıb. Həmin vaxt mənim 13 yaşım var idi. Bu məsələlər barədə heç nə bilmirdim”, – deyə o bildirib.
Əhməd əl-Şaraa ABŞ-də və Yaxın Şərqdə həlak olan insanlara görə təəssüfünü ifadə edib.
“Şübhəsiz ki, biz o vaxt baş verənlərdən və Nyu-Yorkda törədilən həmin əməldən tamamilə uzağıq”, – deyə Əhməd əl-Şaraa vurğulayıb.
PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır