Kozinoğlunun ölümü ilə bağlı yeni detal: Mənə tələ qurdular!
Türkiyədə keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində həmin dövrdə həbsxanada nəzarətçilərin rəhbəri olan Ömər Vətənin ifadəsi üzə çıxıb.
BUTA.TV Türkiyə mediasına istinadla xəbər verir ki, Vətən Kozinoğlunun kamerasının dəyişdirilməsi prosesinin və ölümündən əvvəl baş verən hadisələrin təfərrüatını açıqlayıb.
Vətən Kozinoğlunun Həsən Atilla Uğur və Həsən Ataman Yıldırımın qaldığı kameraya köçməsi barədə də danışıb:
“Əvvəllər Kozinoğlu tezliklə azadlığa buraxılacağına inanırdı. Əvvəlcə tək nəfərlik kamera istəyən Kozinoğlu otağı gördükdən sonra "Mən burada qala bilmərəm" deyərək rəsmi müraciət edib. Kozinoğlunun “Həsən Atilla Uğuru tanıyıram, problem olmaz” deməsindən sonra onların qaldığı kameraya köçürülməsi ilə bağlı prosedur başlanılıb”.
Vətən kameraya doğru gedərkən Kozinoğlunun ona "Onsuz da mənə tələ qurulmuşdu, çox güman ki, sabah azadlığa buraxılacağam" dediyini bildirib:
“Söhbət əsnasında Həsən Atilla Uğur "Aponu gətirən komandir" kimi təqdim edilərkən, Kozinoğlu buna etiraz edərək "xeyr, əslində Aponu biz gətirmişik, o, sadəcə dindirmə zamanı orada olub" deyə cavab verib”.
Vətən eyni zamanda qeyd edib ki, Uğurun ürək xəstəliyindən əziyyət çəkdiyinə dair heç bir məlumatları olmayıb:
“Onlar palataya həkimlə birlikdə sadəcə ona görə girmişdilər ki, xəstənin sidiyində qan müşahidə olunurdu”.
Uğurun xəstəxanaya köçürülmək məqsədilə ciddi xəstəlik görüntüsü yaratdığını iddia edən Vətən həkimlə birlikdə palataya baş çəkdikləri günü belə təsvir edib:
"Həkim otağa daxil oldu. Həmin vaxt Kaşif bəylə yuxarı mərtəbədə söhbət edirdik. Kozinoğlu Uğur barədə mənə dedi: “Bilirsən, o, sadəcə rola girib”.
Kozinoğlunun vəfat etdiyi gün - 12 noyabr 2011-ci ildə məzuniyyətdə olduğu üçün həbsxanada olmadığını qeyd edən Vətən həmçinin əlavə edib ki, həmin dövrdə yoxlama məqsədilə həbsxanaya gələn FETÖ-yə bağlı müfəttişlər onları da hədəf almışdılar.
PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır