Kamboca hökuməti ölkədə keçirilən əməliyyatlar zamanı dağıdılan nəhəng onlayn fırıldaqçılıq mərkəzlərini mətbuat nümayəndələrinə açıb.

BUTA.TV” xəbər verir ki, xaricdən lüks hotellər, tətil kurortları və əyləncə mərkəzlərini xatırladan komplekslərin, əslində, qlobal rəqəmsal cinayət şəbəkələrinin mərkəzləri olduğu üzə çıxıb.

Məlumata görə, bu obyektlərdə dünyanın müxtəlif ölkələrindən yüksəkmaaşlı iş vədi ilə aldadılan insanlar zorla saxlanılaraq fırıldaqçılığa cəlb ediliblər.

Onların pasportlarının müsadirə edildiyi, borc adı altında saxlanıldıqları və gündə 16 saata qədər işləməyə məcbur edildikləri bildirilib.

Prey Venq əyalətində yerləşən və “8 nömrəli Park” kimi tanınan kompleks təxminən 120 hektar ərazini əhatə edir və 20 min nəfəri yerləşdirmək imkanına malikdir. Hündür divarlar və kameralarla əhatə olunan ərazidə yaşayış binaları, restoranlar, supermarketlər, gecə klubları və süni göl yerləşir.

Kompleksdə fırıldaqçıların qurbanları aldatmaq üçün hazırladığı saxta polis atributları da aşkarlanıb. Otaqlardan birində Sinqapur Polis Qüvvələrinin saxta emblemləri, polis formaları və saxta 100 dollarlıq əskinaslar tapılıb.

Kamboca Onlayn Fırıldaqçılığa Qarşı Komissiyasının rəsmisi Hay Makara bildirib ki, obyektə bu ilin fevralında basqın edilib. Onun sözlərinə görə, əməliyyat Çin İctimai Təhlükəsizlik Nazirliyi, ABŞ Federal Təhqiqat Bürosu və əvvəllər obyektdən qaçan şəxslərin məlumatları əsasında planlaşdırılıb.

İstintaq zamanı müəssisə ilə əlaqəli Eang Sok Lim həbs olunub. Ərazidən 11 kompüter, 19 prosessor, 6 server, 2 müşahidə kamerası, mobil telefonlar, iş icazələri və pasportlar müsadirə edilib.

Svay Rieng əyalətindəki 700-dən çox otaqlı, yeddi mərtəbəli “Golden Galaxy Casino” da onlayn fırıldaqçılıq fəaliyyətindən sonra boşaldılıb. Binanın otaqlarında 8-10 nəfərlik çarpayılar, geyimlər və mərc maşınları aşkarlanıb.

Obyektin sahibi Honq Seunq Gi və kirayəçilər Le Van Nquyen və Nquyen Van Vinh həbs ediliblər. Çin, Vyetnam, Cənubi Koreya və Banqladeş vətəndaşları da daxil olmaqla 200-dən çox əcnəbi müəyyən edilərək deportasiya prosedurları üçün İmmiqrasiya Baş İdarəsinə göndərilib.

Kandal əyalətində yerləşən “Jin Zi Hui Əmlak İdarəetmə Şirkəti” kompleksi isə 51 hektar ərazidə 55 bina, 113 villa və 4707 otaqdan ibarətdir.

Burada yaşayış binaları, restoranlar, supermarketlər, gecə klubları və kazino ilə yanaşı, telefon danışıqları üçün səs keçirməyən kabinlər və müxtəlif mövzulu studiyalar da olub. Ərazidən 8 ölkədən 3779 kompüter, 11585 mobil telefon, 56 prosessor, 35 server, polis formaları və pasportlar müsadirə edilib.

Prokuror köməkçisi Senq Heanqın sözlərinə görə, qeyri-rəsmi məlumatlara əsasən, bu ərazidə Çin, Banqladeş, Pakistan, Myanma və Vyetnamdan təxminən 30 min nəfər olub.

Hakimiyyətin məlumatına görə, 2025-ci ilin iyulundan 2026-cı ilin avqustunadək onlayn fırıldaqçılıqla bağlı 446 iş məhkəməyə göndərilib.

Bu müddətdə 832 şübhəli obyekt araşdırılıb, fırıldaqçılıq fəaliyyəti müəyyən edilən 663 mərkəz bağlanıb. Onlardan 86-nın irimiqyaslı kompleks olduğu müəyyənləşdirilib. Onlayn fırıldaqçılıqla bağlı 29 müxtəlif millətdən olan dəstə rəhbərləri və digər şəxslər də daxil olmaqla, 3927 təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb.

Davam edən araşdırmalar çərçivəsində müxtəlif bank hesablarında 300 milyon dollardan çox vəsait dondurulub. Digər əlaqəli aktivlərin müəyyənləşdirilməsi və dondurulması istiqamətində işlər davam etdirilir.

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu