“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı-Video-Yenilənib
Video
Paytaxtın Moskva prospekti və metronun 20 Yanvar stansiyası yaxınlığında cəmləşən və “manatlıq” taksi kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyətinə qadağa qoyulub.
“BUTA.TV” APA TV-yə istinadən xəbər verir ki, qadağa səbəbindən Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar ciddi nəqliyyat problemi ilə üzləşiblər.
Vətəndaşlar bildiriblər ki, pik saatlarda avtobusların sayı və hərəkət intervalı da tələbatı qarşılamır. Nəticədə insanlar işə və evə getmək üçün saatlarla yolda qalırlar.
“20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur”.
Mütəxəssislər bildirir ki, sözügedən istiqamətdə digər nəqliyyat növlərinin sərnişindaşımaya daha çox cəlb edilməsi zəruridir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasına daxil olan ən böyük yaşayış məntəqələrindəndir və bu ərazilərdə sərnişindaşımada yalnız avtobuslara güvənmək doğru deyil.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövzu ilə bağlı açıqlama verib.
Bildirilib ki, bəzi media resurslarında Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən, ictimaiyyət arasında “manatlıq taksi” kimi tanınan avtomobillərin fəaliyyətinin Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən dayandırılması barədə iddialar yayılıb:
"Bildiririk ki, bu iddialar reallığı əks etdirmir. Aidiyyəti qurumlar tərəfindən Bakı və qeyd olunan istiqamətlərdə fəaliyyət göstərən həmin nəqliyyat vasitələrinə qarşı hər hansı birgə və ya xüsusi tədbir keçirilməyib.
Diqqətə çatdırırıq ki, sərnişindaşıma fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun təşkil edilməlidir. Bu fəaliyyətlə məşğul olan nəqliyyat vasitələri müvafiq icazələrə malik olmalı, sürücülər müəyyən edilmiş qaydalara əməl etməlidirlər.
Son zamanlar sərnişinlərin müntəzəm avtobus marşrutlarından daha intensiv istifadə etməsi müşahidə olunur. İctimai nəqliyyatdan istifadə edənlərin sayının günbəgün artması müsbət haldır.
Sərnişinlərə nəqliyyat xidmətlərindən istifadə zamanı qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən daşıyıcılara üstünlük vermələri tövsiyə olunur".
Daha ətraflı videomaterialda:
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?