Vergi ödəmədən xaricdən nə gətirmək olar?
Xarici ölkələrdən qayıdarkən alış-veriş etmək bir növ ənənəyə çevrilib. Kimisi özü, kimisi də yaxınları və digər məqsədlər üçün xaricdən məhsul alıb ölkəyə vergi ödəmədən gətirmək istəyir. Ancaq bu proses digər ölkələrdə olduğu kimi Azərbaycanda da qanunvericiliklə tənzimlənir.
Bəs, ölkəyə hansı məhsulları və hansı miqdarda vergi ödəmədən gətirmək olar?
“BUTA.TV”nun məlumatına görə, Nazirlər Kabinetinin təsdiq etdiyi “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən, şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 ədəd eyni və ya eynicinsli malı müəyyən edilmiş hədlər (ay ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan) çərçivəsində gömrük ödənişləri ödəmədən gömrük sərhədindən keçirmək hüququna malikdir. Say 2-dən çox olduqda isə artıq olan miqdar gömrük ödənişlərinə cəlb edilir.
.jpg)
Bundan başqa, avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri də güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər.
Eyni zamanda ayda bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları da gömrük ödənişindən azaddır. Həmçinin il ərzində bir dəfə 1 ədəd mobil cihaz, ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz vergidən azaddır. Qeyd edək ki, bu müddətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.
Ancaq hər bir halda ölkəyə güzəştli qaydada gətirilən məhsulların ümumi gömrük dəyəri ay ərzində 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmamalıdır. Əks halda qanunvericiliyə görə, malların dəyərinin bu həddən artıq olan hissəsinə gömrük ödənişləri tətbiq edilir. Onların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada həyata keçirilir. Bu halda mallar əl yükündə və ya müşayiət edilən baqajda keçirildikdə sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.
.jpg)
Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır. Ödəniş yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə gömrük orqanlarının hesabına köçürülür.
Gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatların düzgünlüyünə görə cavabdehliyi həmin malları bəyan edən fiziki şəxs daşıyır. Gömrük orqanının vəzifəli şəxsi malları yoxlamaq niyyətində olduğunu bildirənədək, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirənədək və malların buraxılışı həyata keçirilənədək bəyannaməçi (malları bəyan edən şəxs) tərəfindən bəyannaməyə düzəlişlər edilə və ya bəyannamə geri götürülə bilər.
Qanunvericiliyə görə, gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə gömrük bəyannaməsinin qanunauyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
Ceyhun Həmid
“Epşteyn intihar etməyib, qətlə yetirilib” - Video