“Terror təşkilatına pul köçürmüsünüz” - Sənət adamını qorxudub pulunu aldılar+Video
Video
Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların davam etdiyi müşahidə olunur.
“BUTA.TV” xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də sadə vətəndaşları hədəfə alırlar. Çoxsaylı xəbərdarlıqlara və maarifləndirici tədbirlərə baxmayaraq, bəzi hallarda vətəndaşların hələ də belə dələduzluq hallarına inandığı və onların qurbanına çevrildiyi diqqəti çəkir.
Kibercinayətkarlar xüsusi hazırlanmış ssenarilər əsasında hədəfə götürülən şəxslərə guya “təcili” və “vacib” xarakterli mesajlar göndərir, daha sonra zərərçəkənləri aldatmaq üçün onları hüquq mühafizə orqanlarının və ya digər rəsmi qurumların adından fəaliyyət göstərən saxta hesablara yönəldirlər. Müvafiq üsulla həmin şəxslərdən xarici hesablara pul vəsaitlərinin köçürülməsi, eləcə də müxtəlif qanunsuz tapşırıqların yerinə yetirilməsi tələb edilir.
Rəqəmsal mühitdə son dərəcə diqqətli və ayıq-sayıq olmağın vacibliyini ön plana çəkərək vətəndaşlardan şübhəli müraciət, tələb və ya mesajla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Dələduzluğun qurbanı olmuş sənət adamlarından biri deyir ki, ona zəng edib özlərini DTX əməkdaşı kimi təqdim ediblər.
“Adımı, iş yerimi hamısını düzgün dedi. Mən də düşündüm ki, deməli doğrudan tanıyır. Dedi ki, mənim hesabımdan digər ölkədə fəaliyyət göstərən terror təşkilatının hesabına köçürmələr aşkar olunub və bununla bağlı cinayət işi açılıb. Sonra əlavə etdi ki, bu məsələ məxfidir və nə ailəmə, nə iş yoldaşlarıma, nə də başqa heç kimə bu barədə məlumat verməməliyəm. Hətta hesabın bağlanmalı olduğunu da dedi”.
Zərərçəkmiş bildirib ki, həbslə hədələndiyi üçün qorxusundan ona deyilən hesaba pul da köçürüb. Bundan sonra zəngi sonlandırıb:
“Əvvəlcə çox panikaya düşdüm. Daha sonra sakitləşdim və yoldaşımla danışdım. O da işdə idi və mənə dedi ki, dövlət qurumu pul köçürülməsi etməz. Elə həmin an sanki bir aydınlanma gəldi”.
“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi