Hakim qardaşının törətdiyi cinayətə görə məsuliyyət daşımalıdırmı?
Üç gündür deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin kriminal hesablaşmada iştirakı ölkə gündəmini zəbt edib. Ötən gün Ə.Əlizadə cinayətkar təşkilatın tərkibində iştirak və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddələri ilə ittiham olunaraq həbs edilib.
“BUTA.TV” xəbər verir ki, diqqət çəkən məqamlardan biri də deputatın digər oğlu Orxan Əlizadənin Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmasıdır.
Hadisə ilə əlaqədar sosial şəbəkələrdə hakimin yaxın qohumunun cinayət məsuliyyətinə cəlb olunmasının onun hakim statusuna təsir edib-etməməsi məsələsi müzakirə olunur. İstifadəçilər “Necə olur ki, ailədə ata deputat, qardaş hakim, digər qardaş isə kriminal aləm üzvü olur?”, “Qardaşı necə hakim olur?” kimi şərhlər yazırlar.

Yaxın qohumun cinayət məsuliyyətinə cəlb olunması hakimin hüquqi statusuna təsir edirmi, onun mühakimə olunması doğrudurmu?
Məsələyə “Fides” Vəkil Bürosunun vəkili Orxan Zeynalov hüquqi baxımdan aydınlıq gətirib.
Vəkil bildirib ki, hakim Orxan Əlizadəni məhkəmə iclas katibi vəzifəsində çalışdığı dövrdən tanıyır. Onun sözlərinə görə, O.Əlizadə hüquqi bilikləri, savadı və dünyagörüşü ilə fərqlənən hüquqşünas olub, yüksək nəticə göstərərək hakim vəzifəsinə təyin edilib.
Vəkil Orxan Zeynalov hakimin qardaşının əməlinə görə mühakimə olunmasını düzgün hesab etmədiyini bildirib. Onun fikrincə, yaxın qohumun cinayət törətməsi hakimin hüquqi statusuna və peşə fəaliyyətinə təsir etməməlidir. Əks yanaşma şəxsi məsuliyyət prinsipinə, eləcə də hüququn fundamental prinsiplərinə ziddir.
Cinayət hüququnun fundamental prinsiplərindən biri şəxsi məsuliyyət prinsipidir. Bu prinsipə əsasən, hər bir şəxs yalnız özünün törətdiyi əmələ görə məsuliyyət daşıyır.
Şəxsin ailə üzvünün və ya yaxın qohumunun törətdiyi cinayətə görə başqa bir şəxsin məsuliyyətə cəlb edilməsi, habelə onun peşə fəaliyyətinin bu hal əsasında qiymətləndirilməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
Bu qayda şəxsin hakim və ya hər hansı digər peşə sahibi olmasından asılı olmayaraq, hamıya eyni qaydada şamil edilir. Başqa sözlə, şəxsin ailə üzvünün və ya yaxın qohumunun törətdiyi cinayətə görə digər şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir.
“Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən hakimin özünün məhkum olunması, andın və etik qaydaların pozulması, qanun pozuntusu və digər hallarda fəaliyyətinə xitam verilir. Göründüyü kimi qanunda yaxın qohumun cinayət məsuliyyətinə cəlb olunması isə özlüyündə hakimin səlahiyyətlərinə xitam verilməsi üçün müstəqil əsas hesab edilə bilməz.
Hakimin müstəqilliyi və qərəzsizliyi onun öz davranışı və peşə fəaliyyəti əsasında qiymətləndirilir. Qohumunun törətdiyi əmələ görə hakimin mühakimə olunması həm şəxsi məsuliyyət prinsipinə, həm də məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipinə ziddir.
Vəkil, həmçinin vurğulayıb ki, hakimin yaxın qohumunun iştirak etdiyi və ya maraqlı şəxs olduğu işlərə baxması onun qərəzsizliyinə və obyektivliyinə dair əsaslı şübhələr yarada bilər. Belə hallarda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hakim özünə etiraz etməli və işə baxılmasında iştirak etməməlidir.
Müzakirə olunan hadisə ilə bağlı da müvafiq prosessual tədbir görülüb. Hakim Orxan Əlizadə də daxil olmaqla, Xətai Rayon Məhkəməsinin hakimləri özlərinə etiraz ediblər. Nəticədə Əhməd Əlizadənin həbsinə dair təqdimata başqa məhkəmədə baxılıb.
Qeyd :Vəkil hesab edir ki, şəxsin peşə fəaliyyəti və hüquqi statusu onun öz əməlləri və qanunla müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməli, ailə üzvlərinin davranışlarına görə ona qarşı əsassız hüquqi və ya ictimai qınaq formalaşdırılmamalıdır.
Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - Şok fotolar