Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə görüşündə səsləndirdiyi təklif TDT-nin gələcək geosiyasi xarakteri baxımından olduqca mübahisəli təşəbbüsdür. Burada əsas məsələ “Rusiya müşahidəçi ola bilərmi?” sualından daha genişdir: Rusiya TDT-yə yaxınlaşarsa, təşkilatın mahiyyəti, müstəqil qərarvermə qabiliyyəti və geosiyasi çəkisi necə dəyişəcək?

Bu sözləri BUTA.TV-a açıqlamasında deputat Elman Nəsirov Q.J.Tokayevin TDT-nin 30 oktyabrda Ankarada keçirilən 13-cü sammitində Rusiyaya TDT-nin müşahidəçi üzvü statusunun verilməsi barədə təklifini şərh edərkən deyib.

O bildirib ki, Qazaxıstan Prezidenti Rusiyanın təşkilatın fəaliyyətinə “TDT+” formatında və ya müşahidəçi qismində cəlb olunması məsələsini irəli sürüb:

“O, Rusiyanın türk dünyası ilə tarixi əlaqələrini və ərazisində çoxsaylı türk xalqlarının yaşamasını arqument kimi göstərib. Onu da qeyd edək ki, sammitin sonunda Rusiyaya müşahidəçi statusunun verilməsi barədə qərar qəbul edilməyib.

Bu reallıqda əsas suallardan biri onunla bağlıdır ki, cənab Tokayevi belə bir təkliflə çıxış etməyə vadar edən nədir?

Suala cavab vermək üçün ilk növbədə Qazaxıstanın geosiyasi mövqeyini nəzərə almaq lazımdır.

Qazaxıstan:

- həm TDT-nin aparıcı üzvlərindən biridir;

- həm də Rusiya ilə son dərəcə sıx iqtisadi, nəqliyyat və təhlükəsizlik əlaqələrinə malikdir;

- Rusiya ilə çox uzun quru sərhədinə malikdir;

- eyni zamanda Çin, Türkiyə, Avropa və türk dünyası ilə əlaqələrini genişləndirir.

Bu baxımdan Tokayevin siyasətini “bir tərəfi seçmək yox, bütün istiqamətlərlə balans yaratmaq” siyasəti kimi qiymətləndirmək olar”.

Deputat əlavə edib ki, Tokayev eyni sammitdə TDT-nin hərbi ittifaqa çevrilməsinə də qarşı çıxaraq bildirib ki, təşkilat indi də, gələcəkdə də hərbi alyansa çevrilməməlidir:

“Bu, əslində, təklifin siyasi məntiqini daha aydın göstərir. Qazaxıstan TDT-ni Rusiyaya qarşı geosiyasi blok kimi deyil, müxtəlif böyük güclərlə əməkdaşlıq edən açıq iqtisadi və siyasi platforma kimi görmək istəyir.

Bəs bu halda Rusiya hansı maraqların daşıyıcısına çevrilə bilər?

Rusiya üçün bu, ilk növbədə geosiyasi təsir imkanlarının genişlənməsi deməkdir.

TDT-nin əhəmiyyəti son illərdə bir neçə səbəbdən artır:

- Mərkəzi Asiyanın geosiyasi əhəmiyyəti yüksəlir;

- Orta Dəhliz inkişaf edir;

- Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit və enerji qovşağına çevrilir;

- Türkiyənin türk dünyasındakı siyasi və iqtisadi rolu artır;

- Mərkəzi Asiya dövlətləri xarici siyasətlərini daha çoxşaxəli qururlar.

Orta Dəhliz xüsusilə həssas məsələdir. Bu marşrut Asiyanı Xəzər, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya bağlayır və Rusiya ərazisindən keçən ənənəvi marşrutlara alternativ kimi strateji əhəmiyyət qazanır. Tokayevin sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında bu dəhliz üzrə yükdaşımalar 30%, tranzit isə 90% artıb.

Deməli, paradoks yaranır: TDT-nin ən mühüm strateji layihələrindən biri Rusiyadan yan keçən alternativ nəqliyyat xəttidir, lakin indi Rusiyanın həmin təşkilata yaxınlaşması təklif olunur. Məhz mübahisənin əsas səbəbi də budur.

Növbəti sual ortaya çıxır: Rusiya müşahidəçi olaraq təsir mexanizmi yarada bilərmi?

Zənnimizcə, bu, mümkündür və ən ciddi narahatlıq doğuran məsələdir.

Formal baxımdan müşahidəçi statusu tam üzvlük demək deyil. Müşahidəçinin qərarvermə və səsvermə imkanları üzv dövlətlərlə müqayisə oluna bilməz. Obyektivlik naminə onu da qeyd edək ki, beynəlxalq siyasətdə təkcə formal səs hüququ həlledici deyildir. Böyük dövlətlər təşkilatlara bəzən “səs vermək” üçün yox, “təsir etmək” üçün daxil olurlar.

Rusiya TDT-də müşahidəçi olsa, potensial olaraq:

- gündəliyə təsir göstərə bilər;

- müəyyən qərarlara diplomatik təsir imkanları əldə edə bilər;

- TDT ölkələri ilə institusional dialoqu genişləndirə bilər;

- Orta Asiyada Türkiyə və digər aktorların artan rolunu balanslaşdırmağa çalışa bilər.

Bu səbəbdən “müşahidəçi” sözünün özü insanı yanıltmamalıdır.

Geosiyasətdə müşahidəçi bəzən sadəcə müşahidə etmir - prosesləri diqqətlə izləyir, münasibətlər qurur və zamanla təsir imkanları formalaşdırır.

Daha bir aktual sual: türk dövlətlərinin əməkdaşlığı nəticəsində yaranmış müstəqil platformaya böyük qonşu dövlətin daxil olması təşkilatın müstəqilliyini zəiflədə bilərmi?

Zənnimizcə, məsələyə yalnız “Rusiya imperiyadır, deməli, heç bir dialoq mümkün deyil” yanaşması ilə baxmaq beynəlxalq siyasətin reallıqlarına uyğun olmaz.

Niyə belə düşünürük?

1. Rusiya türk dünyasının bir hissəsi olan çoxsaylı xalqların yaşadığı dövlətdir;

2. Rusiya TDT ölkələrinin bir çoxu üçün əsas iqtisadi tərəfdaşdır;

3. Təhlükəsizlik və nəqliyyat məsələlərində Moskvanı tamamilə nəzərə almamaq praktik baxımdan mümkün deyil.

Yuxarıda sadalanan reallıqlar fonunda TDT üçün hansı model daha təhlükəsiz ola bilər?

Təhlilimiz göstərir ki, burada “tam müşahidəçi statusu” ilə “TDT+ dialoq formatı” arasında ciddi fərq qoymaq lazımdır.

Ən optimal model: TDT+ formatı və ya konkret sahələr üzrə tərəfdaşlıq.

Məsələn, Rusiya ilə: nəqliyyat; logistika; ticarət; enerji; elm.

Eyni zamanda altından xətt çəkərək vurğulayaq ki, Rusiya heç bir halda:

- strateji qərarlarının formalaşmasına;

- daxili siyasi gündəliyinə;

- təşkilatın institusional inkişafına təsir edə biləcək status əldə etməməlidir.

Başq sözlə,

Əməkdaşlıq - bəli.

Dialoq - bəli.

Tərəfdaşlıq - bəli.

Amma TDT-nin strateji müstəqilliyinə təsir - Yox.

Heç şübhəsiz, qeyd olunan məsələ ilə bağlı Azərbaycanın mövqeyi burada xüsusilə həssasdır.

Azərbaycan bir tərəfdən:

- TDT-nin aparıcı dövlətlərindən biridir;

- Türkiyə ilə strateji müttəfiqdir;

- Orta Dəhlizin əsas iştirakçısıdır;

- türk dünyasının siyasi inteqrasiyasının güclənməsində maraqlıdır.

Digər tərəfdən isə Azərbaycan: Rusiya ilə qonşudur; Moskva ilə siyasi və iqtisadi münasibətləri nəzərə almalıdır; regional təhlükəsizlik məsələlərində Rusiya faktorunu tamamilə kənarda saxlaya bilməz.

Azərbaycan üçün əsas prinsip belə ola bilər: TDT heç bir dövlətə qarşı yaradılmış təşkilat deyildir. Eyni zamanda TDT hər hansı böyük dövlətin təsir zonasına çevrilməməlidir. Bu, Azərbaycan üçün ən balanslı yanaşmadır.

Türkiyə üçün də məsələ ikitərəfli məzmun kəsb edir.

Bir tərəfdən, Ankara türk dünyasının inteqrasiyasının əsas siyasi mərkəzlərindən biridir. TDT-nin güclənməsi Türkiyənin regional nüfuzunu artırır.

Digər tərəfdən, Türkiyə Rusiya ilə enerji, ticarət, turizm, regional təhlükəsizlik sahələrində ciddi əlaqələrə malikdir. Buna görə Ankara prinsipcə Rusiya ilə dialoqa qarşı olmaya bilər.

Amma Türkiyənin də marağı odur ki, TDT türk dövlətlərinin öz siyasi iradəsi əsasında inkişaf edən təşkilat olaraq qalsın. Əks halda TDT-nin “Türk Dövlətləri Təşkilatı” kimi spesifik siyasi identikliyi zəifləyə bilər.

Burada çox maraqlı bir geosiyasi paradoksa diqqəti cəlb edək.

TDT-nin son illərdə artan əhəmiyyətinin əsas səbəblərindən biri Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə xəttinin müstəqil geoiqtisadi məkan kimi formalaşmasıdır. Orta Dəhliz də məhz bu məntiqin məhsuludur. Əgər Rusiya TDT-nin institusional proseslərinə çox yaxınlaşarsa, belə bir sual yarana bilər: Rusiyadan yan keçmək üçün yaradılan alternativ nəqliyyat məkanının siyasi platformasına Rusiyanı daxil etməyin mənası nədir?

Bu, Tokayevin təşəbbüsünün ən çox müzakirə edilməli tərəfidir.

Yuxarıda apardığımız analitik təhlil və analizlərin məntiqi nəticəsi olaraq qeyd edə bilərik ki, Prezident Tokayevin təklifi Rusiya ilə türk dünyasının “birləşdirilməsi” ideyasından daha çox Qazaxıstanın çoxvektorlu diplomatiyasının məhsuludur. Qazaxıstanın diplomatik mesajı belə yozula bilər: TDT Rusiyaya qarşı blok olmamalıdır.

Eyni zamanda buradan avtomatik olaraq belə nəticə çıxmır ki, Rusiya TDT-nin daxili institusional məkanına daxil olmalıdır.

Ona görə ən məqbul formula olaraq aşağıdakı yanaşmanı irəli sürmək olar:

- Rusiya ilə dialoq zəruridir.

- Rusiya ilə iqtisadi əməkdaşlıq faydalıdır.

- TDT+ formatı isə müzakirə edilə bilər.

- Birmənalı olaraq TDT-nin müstəqil siyasi iradəsi və türk dövlətlərinin strateji muxtariyyəti toxunulmaz qalmalıdır.

Araşdırma predmeti ilə bağlı fikirlərimizi yekunlaşdıraraq aşağıdakı qənaətə gəlmək mümükündür:

Prezident Qasım-Jomart Tokayevin təklifi TDT-ni genişləndirməkdən daha çox, türk dünyasının Rusiya ilə münasibətlərində yeni geosiyasi balans axtarışıdır. Eyni zamanda bu balans elə qurulmalıdır ki, Rusiya TDT-yə yaxınlaşsın, amma TDT-nin mahiyyəti Rusiyanın geosiyasi orbitinə yaxınlaşmasın”.

Bakı İsraildən niyə vaz keçə bilmir? Bakı İsraildən niyə vaz keçə bilmir?