Azərbaycanda hər 100 qıza 113 oğlan düşür: “30 yaşından sonra...”
“Selektiv abort problemi cəmiyyətimiz üçün bir qədər xarakterikdir. Çünki uzun müddət ənənəvi kişi mərkəzli cəmiyyət olmuşuq və burada doğulan uşaqlarda həmişə oğlanlara üstünlük verilib, qız uşaqlarına isə müəyyən mənada seçici (selektiv) yanaşılıb. Bu, arxetiplərimiz və stereotip yanaşmalarımızla bağlıdır. Cəmiyyətdə "oğlan düşmən səfəridir" kimi yanaşmalar mövcud olub”.
Bu sözləri açıqlamasında sosiloloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, hazırda insanların bir çoxu uşağın qız və ya oğlan olmasının fərqi olmadığını başa düşür:
“Əlbəttə, bu hal bizim cəmiyyətdə mövcuddur. Hətta əhalisi çox olan Çini də bəzən bu göstəricidə qabaqlayırıq. Normal göstərici 102–106 arasındadır, amma bəzən bu rəqəm 202–216-ya qədər də çıxa bilir. Bundan başqa, mülkiyyət və ailə məsələlərində də oğlan uşağına üstünlük verilir. Çünki kişi mərkəzli cəmiyyətdə ailəni və uşaqları dolandırmaq məsuliyyəti kişilərin üzərinə düşür, cəmiyyət bu öhdəliyi onlara yükləyir. Dominos pizza
Hətta dinimizdə və şəriətdə də bu öz əksini tapıb: mülk bölünərkən oğlan uşağına qız uşağına nisbətən daha çox pay verilir. Çünki ailənin bütün yükü kişilərin üzərindədir. Bu da məhz həmin kişi mərkəzli strukturdan irəli gəlir. Cəmiyyətdə həmişə belə bir yanaşma hökm sürdüyü üçün oğlan uşaqlarına daha çox maraq göstərilib. Lakin bu gün Bakıda və mərkəzi şəhərlərdə artıq bu hal demək olar ki, yoxdur. Bu tendensiya getdikcə zəifləyir. Belə stereotip yanaşmalar əsasən kəndlərdə və bölgələrdə qalıb. İndi isə insanlar uşağın qız və ya oğlan olmasının fərqi olmadığını başa düşürlər. Əsas odur ki, uşaq yaxşı tərbiyə alsın, vətəninə, dövlətinə, cəmiyyətə və ailəsinə layiq övlad olsun”.
Ü.Şəfiyev əlavə edib ki, Azərbaycanda 30 yaşa qədər əhali arasında üstünlük oğlanların xeyrinədir:
“Yəni bu stereotip yanaşma tədricən azalır və statistikalarda da bu öz əksini tapır. Qadınların kişilərə nisbətən az olmasına gəldikdə, bu tendensiya yalnız 29-30 yaşa qədər olan dövrdə müşahidə olunur. Azərbaycanda 30 yaşa qədər əhali arasında üstünlük oğlanların xeyrinədir. Amma 30 yaşdan sonra qadınların sayı üstünlük təşkil etməyə başlayır. Çünki oğlan uşaqlarının sağlamlıq və yaşama immuniteti qızlara nisbətən zəifdir. Həmçinin bədbəxt hadisələr və döyüşlər zamanı həlak olanlar arasında kişilər üstünlük təşkil edir. Nəticədə, 30 yaşdan sonra statistik olaraq qadınlar üstünlük qazanır. Ahılların statistikasına nəzər salsaq, onların arasında da qadınların daha çox olduğunu görürük. Ümumilikdə ölkə əhalisi üzrə isə bu statistika dəyişməz olaraq qadınların xeyrinədir. Lakin 30 yaşa qədər olan dövrdə, ənənəvi olaraq, hələ də oğlan uşaqları üstünlük təşkil edir”.
Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə doğulan uşaqlar arasında hər 100 qıza 113 oğlan düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici şəhər yerlərində 110, kənd yerlərində isə 116 olub.
Bakı İsraildən niyə vaz keçə bilmir?