Bu şəxslərə xoş xəbər - Qərar
Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsinin plenumunda Baş Prokurorluğun sorğusu əsasında qərar qəbul edilib.
Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 100.2.1-ci, 100.3-cü və 469.4-cü maddələrinin həmin Məcəllənin 65.7-ci, 142.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 33-cü fəslinin bəzi normaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin plenumu iş üzrə mütəxəssis mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəllənin 92.4.8 və 100-cü maddələrinin tələbləri, eləcə də Konstitusiya Məhkəməsi plenumunun bu qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin Məcəllənin 100.2.1-ci maddəsində göstərilən "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs" müddəası Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş əsaslarla, mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətinin olmaması təsdiq edilmiş şəxsi nəzərdə tutur və belə qətnamə (şəxsin məhkəmə qaydasında təkrar fəaliyyət qabiliyyətli hesab edildiyi hal istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və təqsirləndirilən şəxsə, habelə mülki cavabdehə qanuni nümayəndənin təyin edilməsi üçün əsasdır.
Azərbaycan Konstitusiyasının 26, 60 və 68-ci maddələrinin, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələbləri və Konstitusiya Məhkəməsi plenumunun bu qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər əzərə alınmaqla:
- Cinayət-Prosessual Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin və mülki cavabdehin məhkəmə qaydasında cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinin və cinayət-prosessual fəaliyyət qabiliyyətinin bərpasının prosessual qaydalarının qanunvericiliklə müəyyənləşdirilməsi;
- fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verməyən sağlamlıq vəziyyətilə bağlı pozuntulara görə cinayət-prosessual hüquqlarını və vəzifələrini müstəqil həyata keçirə bilməyən zərərçəkmiş şəxslərin cinayət prosesində səmərəli iştirakını təmin edən müvafiq dəstək mexanizmlərinin cinayət-prosessual qanunvericiliyində müəyyənləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Azərbaycanlı qadının çıxışı Türkiyədə şok yaşatdı - VİDEO