Azərbaycanlı qadının çıxışı Türkiyədə şok yaşatdı - VİDEO
Video
Türkiyədə “Torel Media”ya müsahibə verən azərbaycanlı qadının Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirləri sosial şəbəkələrdə diqqət çəkib. O, son dövrlərdə iki ölkə arasında müzakirələrə səbəb olan məsələlərə toxunaraq həm məktəblərdə hicab qaydaları, həm də Azərbaycan-Türkiyə münasibətlərinin tarixi barədə danışıb.
BUTA.TV xəbər verir ki, müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinə münasibət bildirən qadın onun bu məsələdə düşünülmüş mövqe sərgilədiyini deyib.O vurğulayıb ki, hicabla bağlı məhdudiyyət ümumi xarakter daşımır, yalnız məktəblərdə tətbiq olunan geyim qaydaları ilə əlaqədardır. Qadının sözlərinə görə, məqsəd uşaqların məktəbdə dini mübahisələrə deyil, təhsilə və elmə yönəlməsidir. O, öz qohumları arasında da hicablı qadınların olduğunu qeyd edərək, ölkədə ümumi hicab qadağasının olmadığını bildirib.
Müsahibənin ən diqqətçəkən hissələrindən biri isə Türkiyə ilə Azərbaycanın çətin günlərdə bir-birinə göstərdiyi dəstəklə bağlı olub.
Azərbaycanlı qadın Türkiyədə Kahramanmaraş zəlzələsi zamanı, eləcə də meşə yanğınları baş verəndə Azərbaycanın Türkiyənin yanında olduğunu xatırladıb. O, zəlzələdən zərər çəkmiş bölgədə Türkiyə vətəndaşları üçün yeni yaşayış məntəqəsinin salınmasına da diqqət çəkib.
Bununla yanaşı, qadın 1992-ci ildə Xocalıda baş verən faciə zamanı Türkiyənin Azərbaycana münasibətini də gündəmə gətirib. O, həmin ağır günlərdə Azərbaycanın Türkiyədən mülki əhalinin təxliyəsi üçün helikopter istədiyini, lakin bu istəyin yerinə yetirilmədiyini bildirib.
Qeyd edək ki, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy də sonrakı müsahibələrindən birində Xocalıdakı qadın və uşaqların xilas edilməsi üçün Türkiyədən dörd helikopter istədiyini, lakin ala bilmədiyini söyləmişdi.
Müsahibədə səsləndirilən fikirlər Azərbaycan və Türkiyə arasında münasibətlərin yalnız bugünkü siyasi hadisələr fonunda deyil, tarixi hadisələr və qarşılıqlı dəstək kontekstində də qiymətləndirilməsinin vacibliyini önə çıxarır.
Daha bir jurnalist hadisəni işıqlandırarkən döyüldü - Video-Yenilənib